Azərbaycanda 318 991 nəfər əlilliyə görə əmək pensiyası alır

Azərbaycanda əlilliyə görə əmək pensiyası alanların sayı 1 oktyabr 2010-cu il tarixə olan statistikaya əsasən 318 991 nəfər təşkil edir.

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan SİA ya verilən məlumata görə, əlillərə dövlət qayğısı 2006-cı ilin 1 yanvarından qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunda xüsusi ifadə edilir.

Əhalinin pensiya təminatında yeni sistemin tətbiqini nəzərdə tutan bu Qanunda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilib, əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar yer alıb. Bu müddəalar ilk növbədə əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri ilə bağlıdır. Qanunun müddəalarına əsasən, vətəndaşların yaşa görə pensiya hüququ müəyyən yaş həddi ilə məhdudlaşdırılsa da, əlilliyə görə pensiya təminatında heç bir yaş həddi nəzərdə tutulmayıb. Qanunun müvafiq müddəaları ilə I qrup əlilə qulluq edilməsi müddəti, əmək xəsarəti və peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət sosial sığorta haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq sığorta stajına daxil edilib.

Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub. Qanunla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşdan yuxarı əlillər, eləcə də I və ya II qrup əlil ata, ana, ər (arvad) yaşından və əmək fəaliyyətindən asılı olmayaraq ailə başçısını itirməyə görə pensiya hüququna malikdirlər.

Bundan əlavə, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120%-i (I qrup gözdən əlillərə 200%-i) həcmində müəyyənləşdirilib. Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Qanunun 19-cu maddəsinə əsasən, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5%-i məbləğində, I qrup əlillərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10%-i məbləğində, I qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 100%-i məbləğində (I qrup Böyük Vətən Müharibəsi əlillərinə 140%-i məbləğində), II qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 70%-i məbləğində (II qrup Böyük Vətən Müharibəsi əlillərinə 110%-i məbləğində), III qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 50%-i məbləğində (III qrup Böyük Vətən Müharibəsi əlillərinə 90%-i məbləğində) əlavələr hesablanır. Qeyd olunmalıdır ki, bu əlavələr 01 yanvar 2006-cı ilədək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunmuş əmək pensiyalarının da üzərinə yenidən hesablanıb.

Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlillərin pensiya və müavinətlərinin vaxtlı-vaxtında ödənilməsi ilə yanaşı, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi ilə bağlı bir sıra digər mühüm tədbirlərin də sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsi təmin edilib.

Cari ilin 10 ayı ərzində əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpasına, əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtının, idman və bədən tərbiyəsi üzrə tədbirlərinin təşkili, əlillərə maddi və texniki yardımın təşkili üzrə xərclərə 2,8 mln. manat vəsait yönəldilib.

Bütün xəbərlər Facebook səhifəmizdə