“Ötən gün Xəzərin hüquqi statusu ilə bağlı Konvesniyanın imzalanması böyük tarixi hadisədir. 5 dövlət kənar dəstəyin və iştirakı olmadan dünyanın ən böyük su hövzəsinin hüquqi statusunu müəyyənləşdirə bildilər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputatın sözlərinə görə, kənar qüvvələrin bu məsələdə öz maraqlarını yürütməyə çalışmasına baxmayaraq, tərəflər razılığa gəldilər ki, burada digər ölkələrin hərbi bazası yerləşə və müdafiə ehtiyacından artıq güc çoxaldıla bilməz: “Razılaşmaya əsasən, hər bir ölkənin sahilinə yaxın hissədə milli sərhədləri müəyyənləşdirilməklə yanaşı, Xəzər dənizi ümumi su gəmilərinin hərəkəti üçün açıq élan edildi”.
A.Mirzəzadə bildirib ki, 5 dövlətin gəmilərinin dünya okeanına çıxışı barəsində razılığa gəlinməsinin özü də böyük hadisədir: “Həmçinin tərəflərin dənizin dibi, təbii ehtiyatların bölüşdürülməsi ilə bağlı məsələlərdə ikitərəfli razılaşmalar əldə etməsi bəndinin salınması mübahisəli məsələlərdən qaçmağa, diqqəti fikir ayrılığına deyil, fikir əldə edilmiş razılığa yönəldilməsinə səbəb olur. Bu, regionu sülh və əməkdaşlıq bölgəsinə çevirir, bir qrup ölkənin öz region məsələlərini danışıqlar yolu ilə həll etməyin mümkünlüyünü göstərir. Bu, dünyanın digər bölgələri üçün çox yaxşı nümunədir”.
Xəzər dənizinin iqtisadi əməkdaşlıq bölgəsinə çevrilməsi barəsində razılığa gəlinməsinin böyük hadisə olduğunu vurğulayan deputat söyləyib ki, hər bir ölkə buradan həm iqtisadi, həm də siyasi dividentlər əldə edə biləcək.
A. Mirzəzadə qeyd edib ki, Azərbaycanın açıq dənizə neft istehsal etməsi, digər ölkələr üçün yaxşı nümunədir və ölkəmiz öz təcrübəsini bölüşməyə hazırdır: “Ötəngünkü hadisə bir daha göstərdi ki, istənilən məsələni danışıqlar yolu ilə həll etmək mümkündür. Konvensiyanın imzalanması, o cümlədən Azərbaycanın bu məsələdə beynəlxalq hüquq normalarına riayət etməsi nümunəsini göstərməklə yanaşı, ölkəmizin məsələnin həllinə maraq göstərməsi və dəstək verməsi nəticəsində mümkün oldu”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Azərbaycanın bütün resurslarını məsələnin həllinə yönəltməsi, danışıqlarda fəal iştirakı, Onun böyük idarəçilik təcrübəsi sonda bu Konvensiyanın imzalanmasına və 5 dövlətin böyük problemdən qurtulmasına səbəb oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB