Gədəbəyin kənd yollarında yendənqurma işlərinin aparılmasına ehtiyac var. Rayonun ucqar kənd yollarının demək olar ki, əksəriyyəti baxımsızlıqdan yararsız vəziyyətə düşüb. Sakinlər bildirir ki, uzun illərdir yollara, ümumiyyətlə "əl gəzdirilməyib".
Vətəndaşlar tərəfindən yolların vəziyyəti ilə bağlı dəfələrlə aidiyyəti qurumların qapıları döyülüb, mövcud şərait haqqında onlara məlumat verilib. Bu müddət ərzində problemə nəinki əncam çəkilməyib, heç maraqlananda yoxdur. Əhali deyir ki, kənd yolları 18-ci əsrdən qalıb. Qışda palçıq, yayda toz əlindən yollarda hərəkət etmək mümkün olmur. Xüsusən Dəyəqarabulaq, Arıqıran, Şınıx, Novosaratovka kəndlərindəki yolların vəziyyəti daha acınacaqlıdır.
Gədəbəydə körpülər də yollar kimi diqqətdən kənarda qalıb. 1985-ci ildə inşa edilən və 40-a yaxın kəndi birləşdirən körpü artıq bir müddətdir yararsız vəziyyətdədir.
Nəzərinizə çatdıraq ki, sözügedən körpü strateji əhəmiyyət daşıyır. Bundan əlavə 3 kənddə yeni körpünün qurulmasına zərurət yaranıb. Gədəbəy rayon İcra Hakimiyyəti Aparatının tikinti və memarlıq şöbəsinin müdiri Elxan Vəliyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, kənd yollarının və körpülərin yenidən qurulmasına yaz aylarında başlanacaq.
"Yeni ildə bır sıra kənd yollarında abadlıq işlərinə başlanılacaq. Artıq siyahı dəqiqləşib. Körpülər də təmir edilməlidir. Ancaq strateji əhəmiyyət daşıyan Saratovka kəndindəki körpünün təmiri üçün lazımı vəsait olmadığından bu istiqamətdə işlər ləngiyə bilər",-deyə E.Vəliyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB