Haqqımızı satın alaq bəlkə... ŞƏRH

Haqqımızı satın alaq bəlkə... ŞƏRH

Adam tək olanda, papağını qoyur qabağına, fikirləşir, etdikləri, edə bilmədikləri, edəcəkləri, etmək istədikləri barədə düşünür-daşınır. Bəzən düşündükcə, elə dərin bir fikir quyusuna düşürsən ki, ha çapalayırsan, ordan çıxa bilmirsən ki, bilmirsən. O zaman “quyu”nun dibindən haray salıb kömək istəyirsən ki, bəlkə bir yoldan ötən oldu, səsini eşidib, sənə kömək etmək istədi.

Yaşım altmışı keçib. 40-45 ildir ki, dünyanı, onun gəliş-gedişini anlamağa başlamışam. Əvvəllər SSRİ deyilən qapalı bir imperiyada yaşamağa məhkum olunmuşduq və dünyada gedən prosesləri yalnız Sovet İttifaqı Kommunist Partiyasının idelologiyasına əsaslanan, siyasiləşmiş xəbərlərdən öyrənirdik. Sonra bu İttifaq da dağıldı, ideologiyası da iflasa uğradı. Çıxdıq dünyaya və başladıq dünyada baş verənləri olduğu kimi öyrənməyə. Qərb dövlətlərinin, xüsusilə, “azadlığın beşiyi” adlandırılan Amerika Birləşmiş Ştatlarının göz qamaşdıran ilkin görüntüləri bizləri necə feyziyab elədisə, başladıq bu ölkəyə qibtə eləməyə. Hələ “günüm harda xoş keçirsə, ora vətənimdir” psixologiyası ilə yaşayan nə qədər həmvətənimiz (daha doğrusu, bizim ölkədə bizimlə birgə yaşayan vətənsizlər) şələ-şülələrini yığıb, özlərini verdilər bu "azadlığın beşiyi"nə! Düzdü, gedib də yaxşı güzəran düzəldənlər də çox oldu. İndi də rahat və firavan ömürlərini sürürlər. Amma illər ötdücə, bu ölkənin indiki dünyamızda nələr etdiyinin şahidi olduqca, belə ölkənin vətəndaşlığını qəbul edənlərə qibtə etmək nədi, nifrət qarışıq bir hiss alovlanır içimdə. İndi mən deyim, siz də görün ki, haqlıyam, ya yox? İzləmələrimizdən gəldiyimiz qənaət odur ki, bu ölkə gerçək bir reket dövlətidir. Allaha şükür, reketin nə olduğunu indi “məmə deyəndən pəpə yeyənə” hər kəs yaxşı bilir.

Amma biz görmüşük ki, reketçilik yolu ilə başqasının malını əlindən alıb, onu ağlar qoyan kəslər dünyanın hər yerində çinayətkar adlandırılır və onları insanların haqlarını pozmaqda təqsirləndirib, salırlar qazamata. Bəs o boyda Amerikanın reketçiliyi niyə cəzasız qalır? Bilirəm, bəzi-bəzi oxucular mənim bu suallarıma dodaqlarını büzəcəklər və məni qınayacaqlar ki, demokratiyanın, insan haqlarının beşiyi olan ölkəyə çamır atıram. Mən də istəyərdim ki, bu deyilənlər düz olsun. Amma yox, atam, orada olanlar deyir ki, bu ölkə beynəlxalq reket dövlətidir, vəssalam. Hansı ölkə onun sözündən çıxırsa, ya demokratiyanı, insan hüquq və azadlıqlarını, ya da bu ölkədə kütləvi qırğın silahı olmasını bəhanə edib, viran qoyur (yadıma Krılovun məşhur “Qurd və quzu” təmsili düşdü). Təkcə son on ildə baş verənləri xatırlamaq kifayətdir ki, sözümün həqiqət olduğunu qəbul edək. Odur ki, olanları sadalayıb oxucumun qızıl kimi vaxtını məşğul eləmək istəmirəm. Bunları xatırlatmaqda isə məqsədim başqadır. Reketçiliklə məşğul olan cinayət aləminin kriminallarının bu bəd əməllərinin içində, nisbətən ədalətli bir əməl də olur. O da ibarətdir ondan ki, birisi digərinin haqqını tapdayanda və birisinə həmin digərin gücü yetmirsə, özünü verir reketin yanına və haqqının bərpasına kömək etməyi xahiş edir. Reket qağa da məsələni öyrənir, həmin digərinin, doğrudan da, haqlı olduğunu yəqin edir. Sonra da, müvafiq haqq qarşılığında onun haqqının bərpa olunmasına kömək edir.

Otuz ildir ki, ermənilər Şimal qağalarının köməyi ilə bizim haqqımızı pozub. Biz də ermənilərin havadarları ilə birlikdə Amerikanı da qatmışıq sülh missiyasına ki, məsələnin ədalətli həllinə nail olaq. Amma o biri həmsədrlər (oxu, həmturistlər) kimi Amerika da üç-dörd ildən bir bəyanat verib, deyir ki, məsələnin hərbi yolla həlli mümkün deyil, sülh danışıqları davam etdirilsin, status-kvo dəyişsin, daha nə bilim nələr. Deyirəm, bəlkə biz də keçək haqqı tapdanıb reketdən kömək istəyənin üsuluna! Çünki biz dədə-baba yurdumuzu xilas etmək istəsək, erməni lobbisi qabağa düşüb Amerika ilə “dil tapar”, o da ermənilərin haqqını (?..) müdafiə edər. Noolsun ki, pozulan haqq bizimdi, puluna minnət.. Nə bilim, vallah, ha fikirləşirəm, başqa variat ağlıma gəlmir ki, gəlmir...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə