Anna Akobyanın “sülh carçısı” olmaq arzusu RAKURS

Anna Akobyanın “sülh carçısı” olmaq arzusu RAKURS

Yaxud, şəhid bacısının Paşinyanın arvadına tutarlı cavabı

Ermənistanda hakimiyyəti ələ keçirib-keçirməz Azərbaycanla təzyiq dilində danışmağın vacib olduğunu deyən Nikol Paşinyanın müharibə ritorikasını nümayiş etdirməsi və bunun ardınca, Azərbaycan Ordusunun Naxçıvanda uğurlu əməliyyat keçirərək onun öz sözlərini elə özünə də yedirtməsi sonradan erməni bicliyinin digər fazasına qədəm qoydu. Bu dəfə Nikol Paşinyan arvadını “birinci ledi” obrazında və “sülh carçısı” qismində təqdim etməyə çalışması həmin bicliyin təməl hissələrindən biri olaraq qiymətləndirildi. Ümumiyyətlə, mövzuya keçməmişdən öncə, “əzabkeş”, “məzlum”, hətta “mələk” kimi görüntüləri yaratmaqla, digər millətləri və xalqları özlərinə cəlb etməyə cəhd edən ermənilərdən başqa heç nə gözləməyə də dəyməz.

Anna Akobyanın azərbaycanlı ana-bacılarına həqarəti...

İndi isə keçək mövzunun əsas hissəsinə. Məhz Paşinyanın arvadı Anna Akobyanın Moskvaya ilk səfəri zamanı özünün “təşəbbüsü” ilə yaratdığı “Qadınlar sülh naminə” tədbirində çıxışı zamanı onun əsl erməni həyasızlığı ilə azərbaycanlı analara müraciət etməsi və Qarabağ münaqişəsininnecə başlamasının heç bir əhəmiyyət kəsb etməməsini deməsi əslində övladlarını, atalarını, qızlarını itirən analara bir həqarət oldu. Bəli, məhz həqarət!

“Düşünürəm ki, münaqişənin necə başlaması vacib deyil. Əsas olan insan taleyidir, münaqişəyə görə canlarından keçən gənclərin həyatıdır. İstəyirəm ki, bu sözlərim Azərbaycana çatsın”-deyən Paşinyanın arvadının bu “təşəbbüskar” mesajı əslində Azərbaycana çatdı və “sülh carçısı”na verilən cavab onun həmin “təşəbbüsünün” bilavasitə riyakarlıq üzərində qurulduğunu sübuta yetirdi.

Bir bacının tərs silləsi, yaxud “sülh göyərçininin” müharibə qarğasına çevrilməsi

Qarabağ müharibəsində döyüşmüş iki qardaşın bacısı mətbuat vasitəsilə Anna Akobyana tutarlı və layq olduğu cavabı bu cür verib. Hətta deyərdim ki, tərs sillə də vurub. Ona görə də mövzunu uzatmayaraq, birbaşa bacımızın ifadələrinə yer verirəm. SİTAT: “Anna Akopyana müraciət etmək istəyirəm. Siz alnından güllə yarası alan üç yaşlı körpəsini əlində tutan ananın acısını təsəvvür edə bilərsiniz? Bilirsiniz ki, Xocalıda qətlə yetirilmiş azərbaycanlı qadın və uşaqların cəsədləri təhqir edilib? Bununla bağlı videokadrlar, şəkillər var. Əgər Qarabağ münaqişəsinin necə başlamasının vacib olmadığını deyirsinizsə, bu məsələdən xəbərdarsınız. Əlbəttə, bu, sizin üçün vacib deyil. Çünki siz təcavüzkarsınız. Başqasının torpaqlarını işğal etmisiniz. Siz günahsız insanları öldürmüsünüz və öldürməkdə davam edirsiniz.

Siz sülh deyirsiniz? Torpaqlarımızın hələ də işğal altında olmasını nəzərə alsaq, hansı sülhdən danışmaq olar? Siz 27 il müddətində göz yaşları ilə oyanmanın nə olduğunu bilirsiniz? Xeyr. Amma mən bilirəm. 1992-ci il oktyabrın 18-də erməni işğalçıları Azərbaycanın Qubadlı rayonuna hücuma keçiblər. Topağac yüksəkliyi uğrunda gedən döyüşlərdə qardaşım Rahim Xavər oğlu Alışov erməni gülləsinə tuş gəlib. O, mənim qollarında üç uşağını qoyaraq, vətən uğrunda şəhid olub. Bu uşaqlar sizi necə bağışlaya bilərlər? “Google”da axtarış verin: “Balaca Zəhranın qətli” və başa düşəcəksiniz ki, sülhdən danışmaq sizin haqqınız deyil. Siz sülhdən danışırsınız, ancaq oğlunuz işğal etdiyiniz və Ermənistan Silahlı Qüvvələrinin vaxtaşırı dinc Azərbaycan kəndlərinə diversiya həyata keçirdiyi Qarabağ bölgəsində xidmət edir. Qadın böyük qüvvədir. Yarımmistik ifadələr danışmaqdansa, blok yaradılması təşəbbüsü ilə çıxış edin: “Qarabağı qaytaraq və sülh şəraitində yaşayaq”. Əmin edirəm ki, Ermənistanda sizi dəstəkləyəcək çox sayda qadın və əsgər anası var...”

Bax, belə…Əziz oxucular. Görək, bu tutarlı cavabdan sonra “sülh göyərçini” necə müharibə qarğasına çevriləcək. Gözləyək…

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə