Və ya Arif Hacılının yarıtmaz siyasətinin baş müəllimi
Müsavatdaxili qarşıdurmalar fonunda cərəyan edən hadisələr və bu hadisələrdən doğan saysız-hesabsız ittihamlar ilk növbədə belə qənaətə gəlməyə imkan verir: bu partiya ən yaxın müddətdə yox səviyyəsində olacaq. Çünki başqan Arif Hacılının yarıtmaz siyasəti üzündən müsavatçılıq ideologiyası parçalanaraq, bir neçə yerə ayrılıb. Elə də uzağa getməyərək ADR Hərəkatını, Ağ partiyanı və s. Müsavatdan ayrılmış təşkilatları nümunə kimi göstərə bilərik. Çünki hər iki təşkilata və digərlərinə vaxtilə Müsavatda kifayət qədər fəal işlər aparmış şəxslər rəhbərlik edirlər. Misal üçün, birinə Qubad İbadoğlu, digərinə isə Tural Abbaslı. Hələ o biriləri demirik...
Onların hər biri istefa verərkən deyiblər ki, müsavatçılıq ideologiyasını əsas tutaraq yeni təşkilatlarında təbliğ edəcəklər. Bu zaman sual olunur – bəs Müsvat partiyası bundan sonra nəyə gərəkdir? Bu sualın cavabı bəsitdir: Müsavat partiyası “təmizləmə” adı altında klana çevrilir, daha dəqiq desək, ailə podrat təşkilatına... Əgər sabah bu partiyada Arif Hacılının Mustafa Hacıbəyli adlı qardaşından sonra digər qohum-əqrabaları da vəzifələr tutarlarsa, bunda təəccüblənməyə dəyməz. Yəni əgər sabah adı olub-özü olmayan “Əhrar” partiyasının sədri Vaqif Hacıbəyli həmin partiyasını “üzvləri” ilə birgə Müsavata transfer edib, sonradan başqana çevrilərsə, təəccüb etmək olmaz.
Onda ikinci sual yaranır - bəs baş verənlərdə əsas təqsirkar kimdir? Bu sualın da cavabı çətin-filan deyil. Əsas təqsirkar Müsavatın sabiq başqanı İsa Qəmbərdir. Həmin İsa Qəmbər ki, xüsusi canfəşanlığı ilə bir neçə il öncə saxta qurultayın keçirilməsinə və saxta qurultayda saxta başqanın “seçilməsinə” əvəzsiz imza atmış oldu. Bu gün Arif Hacılı bütün bunlara görə yalnız İsa Qəmbərə minnətdar olmalıdır – baş müəlliminə
İlginc bəyanatlar
Artıq Müsavat partiyasının “mənəm-mənəm” deyən qələm sahibləri də oradan gediblər. Xatırlatmaq yerinə düşərdi ki, hələ uzun müddət bundan qabaq “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu oranı tərk etmişdi. Lakin sonradan ard-arda istefalar davam etdi. Onun qardaşı Azər Ayxan, eləcə də digər “yeni müsavatçılar” partiya sıralarını səsli-küylü tərk etdilər. Amma ilginc bir tələblə - dedilər ki, nə vaxt İsa Qəmbər yenidən Müsavatın başqanı olacaqsa, həmin vaxt partiyaya bərpa üçün müraciət edəcəklər. Fəqət, bu tələbin yerinə yetib-yetməyəcəyi, hətta yetəcəyi halda gedənlərin geri dönəcəkləri faktı heç üfüqdə belə görünmür.
Bu zaman sual yaranır ki...
Əslində bu cür bəyanat gülünc təsir bağışlayır və belə bir sual yaranır ki: hərgah bir partiyanın dağılmasında əsas rol almış adam dayanıbsa, onun həmin partiyaya geri dönməsi nə qədər mümkün görünə bilər axı? Amma etiraf etməliyik ki, ənənəvi müxalifətdə hər an elə hadisələr baş verir ki, ictimai-siyasi rəy də onlardan baş açmır. Çünki ölkə mətbuatı bir müddət əvvəl partiyada baş alıb gedən özbaşınalıqları, ailə podrat vəzifələrinin təyinatları və s. bənzər olayları əsas olaraq İsa Qəmbərin üzərinə yıxırdılar. İndi isə İsa Qəmbərin yenidən başqan qayıtmasını istəyirlər…
Lakin hər şeyə rəğmən, Müsavat partiyası ayaqda qalmaq gücünü və şansını itirib. Bu gün Hacılı və ətrafı zaman-zaman gülünc, istehza yaradan “ideyaları” ilə düşərgədəki oppoentlərinə fəal olduğunu göstərməyə çalışırlar. Hətta müsavatçılar var ki, belə olanda özlərini güclə gülməkdən saxlayırlar. Və kimsə inanmır ki, Müsavat bundan sonra ümumiyyətlə, hər hansı siyasi uğur əldə etsin. Çüki Müsavat partiyası artıq yoxdur, bitib, tükənib. Bitmişlərin isə siyasi səhnədə yerləri heç vaxt olmur. Məgər 25 ildir müxalifətin ənənəvi, ya da radikal qanadında bütün bunlar müşahidə olunmurmu?
R.RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB