Əli Həsənov: “"Wikileks"də dərc olunan məlumatların real əsası yoxdur” - MÖVQE
"Wikileks" saytının "Tam məxfi" hesab olunan materialları, xüsusən də dövlətlərin birinci şəxslərinin təkbətək görüşlər zamanı söylədikləri ehtimal olunan fikirləri yayması dünyada nəzərəçarpacaq çaxnaşma yaradıb. Maraqlıdır ki, adları bu siyahıdan keçən əksər dövlət rəsmiləri bunu qəti şəkildə təkzib etsə də, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Hillari Klinton ölkəsi adına hər kəsdən üzr istəsə də məsələyə hələ də nöqtə qoyulmayıb.
Baş verənlərə müxtəlif tərəfdən yanaşanlar, münasibət bildirənlər az deyil. Əksəriyyəti bir məsələ daha çox düşündürür, deməli dünyanın superdövləti sayılan ABŞ belə informasiya təhlükəsizliyinə hələlik tam malik deyil. Belə olmasaydı bu ölkənin taleyini həll edən, iç üzünü açan məxfi materiallar – Əfqanıstan və İraqla bağlı dosyelər elə bu günümüzün "qəhrəmanı" "Wikileks" saytında dərc olunmazdı.
İkinci qrup insanlar var ki, onlar birincilərin tam əksini düşünürlər. Belə ki, onların qənaətinə görə, dərc olunan materiallar ABŞ-ın icazəsi və tapşırığı ilə saytın səhifələrinə yerləşdirilib. Yoxsa, adıçəkilən saytın 250 min "məxfi sənədi" əldə etməsi, hazırlaması və dərc etməsi sadəcə mümkün deyil.
Türkiyə mətbuatı isə başqa detallara toxunub. Qardaş ölkənin mətbuatı yazır ki, rəsmi Ankara "məxfi materiallar"ın Astana Sammiti öncəsi açıqlanmasını təsadüfi hesab etmir. ATƏT-in Zirvə Toplantısının ilk dəfə müsəlman ölkəsində keçirilməsi çoxlarının yuxusunu haram etmişdi. Ona görə də əvvəldən hazırladıqları ssenarini işə saldılar ki, Astanada bir araya gələcək dövlət başçıları yekun qərar verə bilməsinlər, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addım atılmasın.
""Wikileks"də dərc olunan məlumatların real əsası yoxdur". Bunu isə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
"Prezidentin mətbuat xidməti açıqlama verib. Biz də o fikirdəyik ki, saytdakı materiallar təxribat xarakteri daşıyır. Kiminsə maraqları çərçivəsində Xəzər bölgəsində, o cümlədən Cənubi Qafqazda, həmçinin Avrasiyada ayrı-ayrı dövlətləri, dövlət başçılarını bir-birinə qarşı qoymaq, ölkə rəhbərləri arasında etimatsızlıq, inamsızlıq yaratmaq cəhdi kimi qiymətləndiririk. Bu cəhd nəyə xidmət edir, bunu sonrakı hadisələr və zaman göstərəcək. Hal-hazırda isə bizi əhatə edən ölkələrin başçılarının əksəriyyəti bu materialın təxribat xarakteri daşıdığını, məqsədyönlü şəkildə düzəlişlər edilərək yazıldığını bəyan ediblər", - deyə şöbə müdiri bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB