Azad İsazadə: “ATƏT-in Minsk qrupu həmsədrləri neytral bir mətn hazırlamaqla münaqişə tərəflərini incitməmək istəyiblər”

Azad İsazadə: “ATƏT-in Minsk qrupu həmsədrləri neytral bir mətn hazırlamaqla münaqişə tərəflərini incitməmək istəyiblər”

"Əvvəlcədən də inandırıcı deyildi ki, Astana kimi sammitlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş olsun". SİA-ya açıqlamasında bu sözləri politoloq Azad İsazadə dünən Qazaxıstanın Astana sammitində keçirilən ATƏT-in zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən birgə bəyanata münasibət bildirərkən deyib.

 

Ermənistanın həddindən artıq qeyri-real, çıxış yolu olmayan mövqe sərgilədiyini deyən ekspert bildirib ki, münaqişənin həlli istiqamətində hansısa dəyişikliyin olmasında rəsmi İrəvan maraqlı deyil: "İndiki vəziyyət Ermənistanı tam qane edir, istəyirlər ki, status-kvonu uzatsınlar. Bu cür sammitlərlə və bəyanatlarla vəziyyəti dəyişdirmək sözsüz ki, mümkün olmayacaq. Real beynəlxalq səviyyədə Ermənistana təzyiq olmasa, işğalçı ölkə sərt mövqeyini yumşaltmayacaq. Düşünürəm ki, münaqişə ilə bağlı konkret addımlar bu kimi sammitlərdə deyil, konkret olaraq hansıda prezidentin, yaxud da prezidentlərin vasitəçiliyi ilə keçirilən görüşlərdə atıla bilər".

 

A.İsazadə hesab edir ki, gələn ilin əvvəlindən regionda marağı olan dövlətlərin iştirakı ilə münaqişənin həlli istiqamətində hansısa mühüm proseslər baş verə bilər. O, verilən bəyanatda konkret olaraq Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müddəanın göstərilməməsini də ciddi təhlükə hesab etmir: "Vacib deyil ki, bəyanatda Azərbaycanın ərazi bütövlüyü ifadəsi yer alsın. Bu heç də o demək deyil ki, bu ifadə bəyanatda yoxdursa, Azərbaycanın ərazi bütövlüyünü tanımırlar. Sadəcə olaraq ATƏT-in Minsk qrupu həmsədrləri neytral bir mətn hazırlayıblar. Məqsəd də budur ki, real bir nəticə yoxdursa, tərəflərin hansısa birini incidən ifadələr işlədilməsin. Halbuki bu da siyasi baxımdan düzgün bir mövqe deyil. Çünki, kimsə bunu zəiflik kimi qəbul edə bilər. Amma reallıq budur ki, bu dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Konkret addımı isə atmırlar, yəni tanıdıqları ərazi bütövlüyünü bərpa etmək üçün heç nə etmirlər".

 

Azərbaycan və Ermənistanın hərbi güc balansına gəlincə, ekspert bunun təxminən bərabər olduğunu düşünür. Azərbaycanın həm üstün, həm də zəif nöqtələrinin olduğunu bildirən A.İsazadə qeyd edib ki, insan ehtiyatları və iqtisadi güc Azərbaycanın ən vacib üstünlüklərindəndir: "Silah baxımından Ermənistanın da nailiyyətləri var. Amma insan ehtiyatı olmayandan sonra silahı kim istifadə edə bilər? Silahın güclü olması hər şey demək deyil. Ermənistanda neçə illərdir ki, çağırış planı yerinə yetirilmirsə, sözsüz ki bu problemdir. Müharibə başlasa, Azərbaycan üçün ən böyük təhlükə hərbi əməliyyatlarla bağlı deyil, sırf terror aktları ilə bağlı ola bilər. XX əsr boyu erməni terror təşkilatları bu işlə məşğul olublar və ad qazanıblar. Cəbhə boyu hərbi zərbələr alan ermənilər çalışacaqlar ki, gücünü terror aktlarına yönəltsin".

 

Ermənistan və Dağlıq Qarabağ ərazisinə xarici ölkələrdən 200 min erməni silahlısının toplanması ilə bağlı informasiyalara da toxunan A.İsazadə hesab edir ki, bu əslində Ermənistan tərəfindən gücsüzlüyün etiraf edilməsidir: "Ermənistan gücsüzlüyünü etiraf edir ki, əlinə silah alacaq adamları yoxdur, müxtəlif dünya ölkələrindən erməni muzdlularının toplamağa məcburdurlar. İstəyirlər ki, yaranmış boşluğu bir qədər doldursunlar. Sözsüz ki, bu qədər erməni muzdlusunu toplamaq iqtisadi cəhətdən iflic vəziyyətdə olan Ermənistan hakimiyyətinin işi deyil. Bu iş baş tutsa belə, erməni diasporunun maliyyəsi hesabına həyata keçirilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə