Əli Həsənov: “"Bu gün Türkiyə ilə Azərbaycan, Azərbaycanla İran arasında olan münasibətlər kimlərəsə sərf etmir” - AÇIQLAMA-VİDEO

Əli Həsənov: “"Bu gün Türkiyə ilə Azərbaycan, Azərbaycanla İran arasında olan münasibətlər kimlərəsə sərf etmir” - AÇIQLAMA-VİDEO

Azərbaycanın qonşu ölkələrlə mehriban münasibətləri bəzi qüvvələrə sərf etmir. SİA-nın xəbərinə görə, bunu Azərbaycan və Türkiyə media nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən seminarda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətə görə, Azərbaycan qonşu xalqların dostluq, iqtisadi yarış mərkəzi, sözün yaxşı mənasında, rəqabət mərkəzi ola bilər, ancaq Azərbaycan qarşıdurma mərkəzi, kimlərinsə maraqlarının mübarizə mərkəzi ola bilməz: "Bu gün Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər, Azərbaycanla İran arasındakı münasibətlər kimlərəsə sərf etmir. Çoxları istəyir ki, Azərbaycan onların İrana basqısında bir meydan olsun. Buradan İranı bombalasınlar. Məgər İranı bombalamaq üçün Amerikanın başqa imkanları yoxdur? Nəyə görə Azərbaycan və İran xalqları üz-üzə qoyulmalıdır? İranda bu gün 30 milyona yaxın azərbaycanlı yaşayır. Məgər onların taleyi bizi düşündürmürmü? Düşündürür", - o, qeyd edib.

Wikileaks saytında Azərbaycan Prezidentinin sözlərinin təhrif olunduğunu deyən Əli Həsənov bildirib ki, dərc olunan yazılar redaktə olunmuş bir şəkildə nəşr olunub. O, qeyd edib ki, saytda dərc olunan məlumatlar özündə heç bir həqiqəti əks etdirmir: "Orada qeyd olunub ki, guya Azərbaycan prezidenti deyib ki, Türkiyənin enerji mərkəzinə çevrilməsinə razı deyilik. Azərbaycan enerji resurslarını Türkiyəyə idxal etmək üçün birgə mücadilə etmədikmi? Azərbaycanda da, Türkiyədə də hər kəsə məlumdur ki, Azərbaycanın ulu öndəri Heydər Əliyev Bakı-Tiflis-Ceyhan kəmərinin məhz Türkiyədən keçməsi üçün hansı təzyiqlərə məruz qaldı, Azərbaycanın ətrafında beynəlxalq qalmaqallar yaradıldı, Xəzərin statusu məsələsini ortaya atdılar. Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövləti təzyiqlərə sinə gərib, kəmərin Türkiyədən keçməsini təmin etdi ki, Türkiyə dünyanın və bölgənin enerji mərkəzlərindən birinə çevrilsin. Bunu edən adam belə söz deyərmi? Əlbəttə deməz".

Bütün xəbərlər Facebook səhifəmizdə