“Qeyri-hökumət təşkilatlarının yaradılmasına dair beynəlxalq standartlar” mövzusunda iki günlük seminar başlayıb

“Qeyri-hökumət təşkilatlarının yaradılmasına dair beynəlxalq standartlar” mövzusunda iki günlük seminar başlayıb

Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Bakı Ofisi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Qeyri-hökumət təşkilatlarının yaradılmasına dair beynəlxalq standartlar" mövzusunda iki günlük seminara başlayıb. SİA-nın məlumatına görə, QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov seminarda 20 QHT nümayəndəsinin iştirak etdiyini bildirib: "Həmin 20 nəfər təlimçi kimi yetişdirilərək onlara təlimatlar veriləcək. Məqsəd odur ki, bu qrup gələcəkdə yeni yaranmış QHT-lərə bu cür seminarlar keçirsinlər. QHT-lərə Dövlət Dəstəyi Şurası və ATƏT-in Bakı Ofisi QHT təmsilçilərinə gələcəkdə də bu cür təlimlərin keçirilməsi ilə bağlı razılığ əldə edib".

 

O, ATƏT və Şura təlimçilərinin aparacağı iki günlük seminarda birləşmək hüququnun əhatə dairəsinə aid beynəlxalq və milli qanunvericiliyin icmalı, birləşmək hüququnun təminatı sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ictimai birliklərin formalaşdırılması nəzəriyyəsi, hüquqi şəxsin təsis edilməsi, fandreyzinq, qrantların qeydiyyatı və hesabatların təqdim olunması, eləcə də ictimaiyyətlə əlaqələrin qurulması və təlimçilərin təlimi üzrə metodologiyanın öyrənilməsi məsələləri üzrə müzakirələr aparılacağını deyib. Seminar iştirakçılarından 10-nun Şura tərəfindən müəyyən edildiyini diqqətə çatdıran F.Qurbanov digər 10-nun isə ATƏT-in Bakı Ofisi tərəfindən sərbəst şəkildə seçildiyini bildirib: "Bu seçimə olduqca böyük məsuliyyyətlə yanaşdıq. Çünki, seminarda iştirak edəcək şəxslər gələcəkdə QHT işini, onun mahiyyətini, inkişaf yolunu bilən şəxslər olmalıdır. Buna görə də Milli QHT Forumunun potensialını bu işə cəlb etmək istədik".

 

ATƏT-in Bakı ofisinin təlimçisi Fiorentina Azizi QHT-lərin cəmiyyətdə çox vacib bir pola malik olduğunu qeyd edib. "QHT-lər öz hüquqlarından xəbərdar olmalı, eyni zamanda öz məsuliyyətini hiss etməlidirlər" deyən F.Azizi bildirib ki, seminarın keçirilməsində əsas məqsəd əldə olunan bilik və təcrübəni daha çox vətəndaşla bölüşdürülməsidir: "Seminar uğurlu alınsa, ATƏT Azərbaycanda QHT-lərin təcrübələrinin artırılması işində yaxşı bir fürsət əldə etmiş olacaq".

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təmsilçisi Benjamin Moreau seminar şərçivəsində sərbəst toplaşma azadlığının beynəlxalq təcrübə kontekstindən dəyərləndiriləcəyini vurğulayıb. ATƏT-ə üzv ölkələrin sərbəst toplaşma azadlığı ilə bağlı üzərinə öhdəlikılər götürdüyünü dilə gətirən B.Moreau bildirib ki, bu öhdəliklər müəyyən vəzifələr doğurur. O, beynəlxalq standartların milli standartlara sirayət etdiyini söyləyib.

 

Seminar açılış nitqlərdən sonra mövzu ilə bağlı məruzələrlə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə