Müxalifətin əbədi yoxluğu

Təhmasib Novruzov: “Anlaşılan odur ki, ağaları istirahətə çıxdığına görə, özləri də məzuniyyət götürüblər”

Son vaxtlar Azərbaycan müxalifətindən səs-soraq yoxdur. Bu artıq bir faktdır ki, müxalifətin dağıdıcı qanadı yalnız öz maraqlarının təmin olunması baxımından fəaliyyətini qurub. Ümumiyyətlə, adlarını müxalifət qoyan qaragüruhçular şəbəkəsi ölkəmizdə ictimai siyasi proseslərdə uğur qazana bilməyiblər, ictimai dəstəkdən məhrum olunublar, özünütəcrid siyasəti yürüdüblər. Belə ki, radikal müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Belə olan halda isə mövsümi müxalifət hesab edilən adıçəkilən zümrə daimi şəkildə “məzuniyyətdədir”.

“Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov da “Səs” qəzetinə açıqlamasında bildirib ki, çox yəqin onlar daimi məzuniyyətə çıxıblar: “Bizim “sevimli” müxalifətimizin fəaliyyəti dünyada analoqu olmayan formalarla özünü göstərir. Demokratik ölkələrin heç birində müxalifət dövlətə qarşı deyil, mövcud iqtidara qarşı müxalifətçilik müxalif olur. Bizdə isə bu fəaliyyət dövlətə, dövlətçiliyə birbaşa təhdidlə müşahidə edilir. Yəni cəmiyyətin problemlərinin həllinə, demokratiyanın inkişafına, dövlətçiliyin əsaslarının möhkəmlənməsinə deyil, şəxsi ambisiyalarına dövlət maraqlarının qurban verilməsinə xidmət onlar üçün adi haldır. Bu isə, Azərbaycanı sevməyən xarici qüvvələrin maraqları ilə üst-üstə düşür”.

“Odur ki, həmin qüvvələr müxalifətimizə həm siyasi, həm hüquqi, həm də, şübhəsiz, maliyyə yardımı göstərirlər”-deyə qeyd edən T.Novruzov həmçinin bildirib ki, bu qüvvələr, əsasən, qərb dövlətlərində fəaliyyət göstərirlər: “Onların da məlum bir qanunları var ki, istirahət və bayram günlərində, eləcə də məzuniyyət zamanı yalnız istirahət edir, siyasi, hüquqi, iqtisadi və digər fəaliyyətlə məşğul olmurlar. Bu baxımdan, müxalifətimizlə də işləmirlər. İndi də yaydı. Adətləri üzrə qərb ölkələrində yay aylarında kütləvi şəkildə məzuniyyət, əsasən də turist səfərləri başlayır. Belə də onlar bütün fəaliyyətlərini dondurur, yalnız istirahət barədə düşünürlər”.

“Nəticədə buyruq qulu olan müxalifətimiz də qalıb ağasız, göstərişsiz”-deyə qeyd edən Azadlıq Hərəkatçıları Birliyinin sədrinə görə, gərək onlara göstəriş verilə, verilən göstəriş üçün lazım olan vəsait ayrıla ki, bunlar da başlasınlar həmin göstərişləri icra eləməyə: “Anlaşılan odur ki, ağaları istirahətə çıxdığına görə, özləri də məzuniyyət götürüblər. Bu isə müxalifətimizin dünya siyasilərindən fərqləndiyinin daha bir göstəricisidir. Darıxmayaq, ağaları istirahətlərini başa vurub dönərlər, yenidən Azərbaycana qarşı uğursuz təzyiq variantlarını cızarlar, göstərişlərini verərlər, pullarını ödəyərlər, müxalifətimiz də bizi bu darıxmaq mərəzindən xilas edər. Sadəcə, bir-iki ay dözmək gərəkdir”.

T.Novruzov onu da bildirib ki, hər zaman olduğu kimi, yenə də müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyallarla yaşayaraq ümid edirlər ki, nə vaxtısa onlar da nəyə isə nail ola biləcəklər: “Onların bu arzularının həyata keçməsi mümkün deyil. Çünki həmin qüvvələr xalqın inamını itirmiş yalançılardır. Bu baxımdan da, müxalifət düşərgəsini təmsil edən qüvvələr öz fəaliyyətsizliklərini çox gözəl başa düşürlər. Yəni, müxalifət liderləri başa düşürlər ki, uğursuzluğa düçar olublar. Təəccüblü məqam odur ki, həmin liderciklər öz uğursuzluqlarını başa düşsələr belə, yenə bunu büruzə vermək istəmirlər. Bu isə onların faciəsidir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə