İranda “Heydər Əliyev və Azərbaycan elmi” kitabının təqdimat mərasimi keçirilib

İranda “Heydər Əliyev və Azərbaycan elmi” kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli bir sıra mədəniyyət müəssisələrinin əməkdaşları ilə birlikdə İran İslam Respublikasında səfərdə olub. SİA-nın xəbərinə görə, Azərbaycanın İran İslam Respublikasındakı Konsulluğunun dəstəyi ilə həyata keçirilən səfər çərçivəsində baş tutan tədbirdə MEK tərəfindən nəşr edilmiş "Heydər Əliyev və Azərbaycan elmi" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən A.Əliyeva-Kəngərli ölkəmizdə Heydər Əliyev irsinin təbliği ilə bağlı görülən işlər, həyata keçirilən tədbirlərə rəhbərlik etdiyi kitabxananın töhfə verdiyini diqqətə çatdırıb və təqdimatı keçirilən kitabın bunun əyani sübutu olduğunu söyləyib.

Səfər çərçivəsində nümayəndə heyəti Təbriz Mərkəzi Kitabxanasının strukturu, fəaliyyəti, iş prinsipi ilə yaxından tanış olub. Hər iki kitabxana arasında aparılan kitab mübadiləsini və əməkdaşlığı daha da genişləndirmək üçün müəyyən məsələlər üzrə razılıq əldə edilib.

A.Əliyeva-Kəngərli müəllifi olduğu və MEK tərəfindən çap edilmiş "Azərbaycan folkloru və kitab mədəniyyəti", "Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxanalar", "Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyyəti" kitablarını Təbriz Mərkəzi Kitabxanasına hədiyyə edib. Təbriz Mərkəzi Kitabxanası tərəfindən də bir neçə çap məhsulu, o cümlədən "Molla Nəsrəddin Təbrizdə" kitabı A. Əliyeva-Kəngərliyə təqdim edilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Təbrizdəki Tarix muzeyini, Səttarxan muzeyini, Şəhriyar muzeyini və onun məqbərəsini ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə