Ali Baş Komandan İlham Əliyevin qətiyyətli bəyanatı düşməni düşünməyə və nəticə çıxarmağa vadar edib
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi zamanı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğal olunmuş ərazilərin qaytarılması haqqında dediyi sözlər Yerevanda ciddi təşviş yaradıb. Belə ki, Ali Baş Komandanımızın qətiyyətli bəyanatı düşməni düşünməyə və nəticə çıxarmağa vadar edib.
Prezident İlham Əliyev: “Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir”
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, o həllin bir yolu var: ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir... Biz sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Müharibədən əziyyət çəkmiş, həlak olmuş, əlil olmuş Azərbaycan vətəndaşları öz torpağında həlak olublar, əlil olublar, Ermənistan torpağında yox. Ona görə münaqişənin həllinin bir yolu var – işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır”, - deyə Prezident İlham Əliyev qeyd edib. Dövlət başçımızın Aprel müharibəsində və Naxçıvanda əldə etdiyi uğurları xatırlatması da bu reallığı ehtiva etməkdədir.
Stepan Safaryan: “Bu, Ermənistanın mövqelərinin zəif olduğunu göstərir”
Məhz cənab İlham Əliyevin bəyanatının ardınca, erməni politoloq Stepan Safaryan bildirib ki, Ermənistan əraziləri qaytarmamaq üçün hər şey etməlidir. Daha dəqiq desək, düşmən əslində bu ifadələri ilə qorxduğunu etiraf edib. Çünki Ermənistanda yaxşı bilirlər ki, dövlət başçımız bəyanat verərkən, onu qətiyyəti də öz sözünü deyir, gücünü göstərir. “Azərbaycan öz gücündən istifadə edərək, təzyiq göstərir, həmçinin, Minsk qrupu də Bakının hazırkı mövqeyindən çıxış edir. Paşinyan Qarabağın danışıqlarda tərəf kimi iştirakını təklif etdi, lakin Bakı bunu qəbul etmədi, Minsk qrupu də bu məsələ ilə bağlı olmamış kimi davrandı. Bu, Ermənistanın mövqelərinin zəif olduğunu göstərir. Lakin biz ərazilərin qaytarılması ilə nəticələnən sülh prosesinə razılaşmamalıyıq”, - deyə erməni politoloq bildirib.
Safaryan Ermənistanın diqqətini daxili proseslərdən ayıraraq, Qarabağda müharibəyə hazırlaşmalı olduğunu bildirib və belə olmayacağı halda, Azərbaycan Ordusunun daha bir uğur qazanacağı ehtimalının yüksək olduğunu etiraf edib.
Mqer Akobyan: “Ermənistanda siyasi kataklizmlər Azərbaycanın xeyrinədir”
Digər erməni politoloqu və hərbi eksperti Mqer Akobyan isə erməni hərbi birləşmələrini silaha sarılmağa çağırıb. “Əsas vəzifəmiz Qarabağda əlverişli mövqelərdə cəbhə qurmaq və geri çəkilməməkdir. Yəni “barıtı quru saxlamalı” və lazım olarsa, hücuma keçməliyik”, - deyə o bildirib.
Ancaq bununla yanaşı, erməni ekspert hazırda Ermənistanın daxili problemlərinin olmasına diqqət çəkib. O, qeyd edib: “Ermənistanda siyasi kataklizmlər Azərbaycanın xeyrinədir və Azərbaycan Prezidenti baş verənləri yaxşı anlayır”.
Nəticə etibarilə belə qənaətə gəlmək olar ki, düşmən müharibə qorxusu içindədir və bu qorxu hər gün, hətta anbaan artmaqdadır. Əgər nəzərə alarsaq ki, bu gün Ermənistan daxili və xarici böhran içində çabalayır, bu zaman erməni başbilənlərinin niyə və hansı səbəbdən bu qədər təlaş içində olmalarını bəri başdan anlamaq mümkündür.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB