Əks halda onların fəaliyyətləri qanunlara zidd hesab edilə bilər
Məlumdur ki, QHT-lər hər hansı bir ictimai maraqların təmin edilməsi istiqamətində birləşmiş könülü qruplardır. Belə ki, bu qrupların fəaliyyəti onların nizamnaməsi ilə tənzimlənir. Yəni hər bir QHT-nin özünün nizamnaməsi var və onun bütün fəaliyyəti, məhz həmin nizamnamə üzrə - siyasətdən və biznesdən kənar qurulur. O nizamnamədə də, məhz ictimai maraqlar, hansı bir sosial problemin həlli, yəni hansısa humanitar yönümlü bir fəaliyyətlə məşğul olmaq orda təşkil olunmayıb. Digər tərəfdən, nizamnamədə heç də siyasi fəaliyyət, hər hansı bir siyasi düşərgənin missiyasına xidmət etmək kimi fəaliyyət təsbit olunmur. Belə ki, QHT-lər haqqında qanunda da QHT-lər seçkili orqanlarda iştirak edə bilməz. Beləliklə, həm də belə nəticəyə gələ bilərik ki, QHT-lər öz enerjili resurslarını cəmiyyətin ayrı-ayrı təbəqələrinin problemlərinin və yaxud digər məsələlərin həllinə yönəldən və insanlığa xidmət edən humanitar fəaliyyətdir.
Lakin təəssüf ki, bəzi QHT-lər öz nizamnamə məqsədlərindən kənara çıxaraq, siyasi fəaliyyətlə məşğul olmağa cəhd göstərir və yaxud ayrı-ayrı siyasi partiyaların mövqelərindən çıxış edirlər. Yəni ayrı-ayrı siyasi partiyaların çirkin məqsədlərinə çatması üçün onlara müəyyən dəstək verirlər. Bu cür hərəkətlər qanunla yolverilməzdir. O cümlədən, həmin QHT-lər özlərinin nizamnaməsinin müddəalarına zidd olan fəaliyyət yolu tutmuş olurlar. Ümumiyyətlə, QHT-lərin fəaliyyəti siyasi məqsədlər deyil, birlik üzvlərinin, cəmiyyətin, icmanın mənafeyinə xidmət edən, hətta orda əldə olunan gəliri belə bölüşdürməyən bir humanitar fəaliyyət növüdür. Eləcə də QHT-lər cəmiyyətə, vətəndaşa və dövlətə xidmət edən təşkilatlar olmalıdırlar. Belə olan halda, QHT-lərin fəaliyyəti yüksək qiymətləndirilir və QHT-lərə ehtiyac cəmiyyətdə günü-gündən artar. İctimai rəy bu gün də bunu hiss edir. Misal üçün, Azərbaycanın bir sıra QHT-ləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ailə məsələləri, ətraf mühitlə, sosial məsələlərlə, təhsilə, mədəniyyətimizlə, iqtisadi məsələlərlə, əlillərlə, qadın-uşaq məsələləri ilə bağlı və s. kimi yüzlərlə layihələr həyata keçiriblər ki, bu da cəmiyyətimizin inkişafına öz töhfəsini verməkdədir.
Yuxarıda da qeyd edildiyi kimi, Leyla Yunus, Emin Hüseynov və başqalarının fəaliyyəti artıq cəmiyyətimizə bəllidir. Artıq bunların fəaliyyətlərini QHT adlandırmaq da doğru deyil. Çünki belələri öz fəaliyyətlərində cəmiyyət və dövlətə qarşı qərzli mövqe nümayiş etdirirlər. Onların nümayiş etdirdikləri siyasi xətlərində açıq görünür ki, bunlar ölkəmizə qənim kəsilmiş şəxslərdir. Adları çəkilən bu şəxslər Azərbaycan dövlətinin əldə etdiyi uğurlarına paxıllıq hissi ilə yanaşaraq, bu uğurlara nə isə bir kölgə salmağa çalışırlar. Ancaq onların özlərinə tərəfdaş, xarici maraqlı fondlardan dəstək toplamaları üçün etdikləri canfəşanlıqların heç biri öz bəhrəsini verməyəcəkdir. Hətta inanmaq da olmaz ki, sağlam düşüncəli, dövlətinin maraqarına xidmət edən hər hansı bir QHT L.Yunus, E.Hüseynov, Emin Milli və sair bənzər simasızların pozucuların yalanlarına uysun. Belə şəxslərin fəaliyyətləri tamamilə qanuna ziddir.
Bu arada QHT rəhbərləri də bu kimi hallara öz münasibətlərini bildiriblər. Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilova görə, burada bir neçə məqam vardır. Belə ki, dağıdıcı müxalif partiyalarının ətrafında olan siyasiləşmiş QHT-lər ona görə yaradılmışdır ki, onların vasitəsilə xaricdən qrant alaraq siyasi məqsədlərə sərf edilsin: “Dəfələrlə şahidi olmuşuq ki, maliyyə bölgüsü zamanı da bunların arasında daim ixtilaflar yaranıb. Digər bir məqam isə, artıq o QHT-lər mövcud qanunvericiliyə uyğun olaraq xaricdən mənbəyi və məqsədi məlum olmayan qrantları alsalar da, onu Azərbaycanda həyata keçirməkdə çətinlik çəkirlər. Çünki onlardan şəffaflıq tələb olunduqda, maliyyəni nəyə sərf etdiklərini hesabat şəklində verə bilmirlər. Bu da artıq həmin QHT-in maliyyə qazanması istiqamətində çətinlik yaratdığından, aralarında konfliktlərin yaranmasına gətirib çıxarır. Çünki bunların məqsədi maliyyə vəsaiti qazanmaq olduğundan, bu prespektiv artıq real olmadıqda, əməkdaşlıqları da pozulur və aralarında konflikt yaranır ki, bu da qarşılıqlı ittihamlarla müşahidə olunur. Bir məqam da odur ki, bu siyasi qrumlar uzun muddət ancaq vəd verməklə bəzi siyasiləşmiş QHT-lər ətraflarında saxlamağa cəhd edirdilər. Həmin QHT-lər artıq aldadıqlarını başa düşürlər ki, bu da onların ittihamlarla çıxış etmələrinə gətirib çıxarır. Ancaq ümumiyyətlə götürsək, bunları bir-birinə bağlayan hər hansısa bir milli maraq və ya ideya olmadığına görə, aralarında qarşılıqlı ittihamları və konfliktlər çox müşahidə olunacaq”.
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümova görə isə, xaricdə olan qüvvələr də heç vaxt siyasiləşmiş QHT-lərə boş-boşuna maliyyə vəsaiti ödəməz: “Xarici maraqlı dairələr məkrli planlarının həyata keçirilməsi üçün müxalifətyönlü QHT-lərə pul buraxırlar. Qarşılıqlı ittihamlar və münasibətlərin gərginləşməsi də daha çox maliyyə yardımı əldə etmək üstündə baş verir. Ümumiyyətlə, onları birləşdirən və ayıran səbəb, məhz maliyyə məsələləridir”.
Beləliklə, nəticəyə gəlmək olar ki, özlərini müxalifət adlandıran və xaricdən maliyyələşən qüvvələrlə siyasiləşmiş QHT-lər eyni yerdən-mərkəzdən idarə olunurlar. Xaricdə olan havadarları bunlara siyasiləşmiş QHT-lər vasitəsi ilə pullar ötürürlər ki, ölkəmizdə xoşagəlməz bir vəziyyət yaratsınlar. Amma onların nə etmələrindən asılı olmayaraq heç vaxt istər xarici qüvvələrin, istərsə də radikal müxalifətin ölkəmizlə bağlı məkrli niyyətləri həyata keçməyib və bundan sonra da keçməyəcəkdir. Müxalifət partiyaları, həm də siyasiləşmiş QHT-lərə eyni mərkəzlərdən tapşırıqlar verilir. Eyni zamanda, onların fəaliyyətləri, bütövlükdə, milli maraqlarımıza zidd olan bir hərəkətdir. Bu baxımdan, belə məsələlərdə QHT-lər diqqətli olmalıdırlar. Yəni yalan, şər-böhtan xarakterli siyasi çağırışlara meyilli olmamalıdırlar. Hər bir QHT öz nizamnaməsini bilməli və nə üçün fəaliyyət göstərdiyini bir daha aydınlaşdırmalıdır.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB