Məlum olduğu kimi, Ermənistanın populist baş naziri Nikol Paşinyan orduda gərginlik ab-havası yaratmağa çalışaraq, qərar qəbul edib ki, Ermənistanda hərbçilər hərbi hissə hesabına qidalanmayacaq. Göründüyü kimi, ölkənin üzləşdiyi sosial-iqtisadi problemlərin həllində ciddi çətinliklərlə üzləşən Ermənistanın populist rəhbərliyinin bu kimi gərginlik ab-havası yaratmaqla bir o qədər də uzağa gedə bilməyəcəyi üzə çıxır.
Maraqlıdır ki, Paşinyanın qərarı Ermənistan ordusunda aclıq yaratmaqla yanaşı, eyni zamanda, əsgərlərə evdən ərzaq, geyim və digər əşyalar göndərilməsini qadağan edərkən, hərbi komandanlıq müqaviləli hərbi qulluqçuların ərzaq payını azaldır.
Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan, hərbi qulluqçuların hərbi hissənin hesabına qidalandırılmasının daxili qərar olduğunu, amma bundan sonra tətbiq edilməyəcəyini bildirib.
Siyasi ekspertlərin sözlərinə görə, baş nazir Nikol Paşinyan Ermənistan ordusunda xidmət edən əsgərlərə evdən yemək və paltar göndərilməsini qadağan edəndən sonra, Ermənistan silahlı qüvvələrinin rəhbərliyi və hərbi komandanlıqlar orduda müqavilə əsasında xidmət edən hərbi qulluqçulara verilən ərzağı kəsməyə başlayıb. Artıq bir neçə gündür ki, müqavilə əsasında muzdla işləyən hərbi qulluqçular hərbi hissələrin hesabına yemək yeyə bilmirlər və nəticədə, aclıqdan əziyyət çəkməmək üçün özlərilə qida gətirməkdən başqa çıxış yolları qalmır. Hərbi hissə komandanlıqları döyüş yox, sadəcə, texniki xidmət keçən müqaviləli hərbi qulluqçulara, ümumiyyətlə yemək verilməməsilə bağlı "yuxarıdan" əmr alıblar.
Artıq orduda vəziyyət olduqca gülməli və maraqlı hal alıb. Belə ki, baş nazir əsgərlərin evdən göndərilən müxtəlif məhsullarla təchiz edilməsinə qadağa qoyur, əvəzində isə, müqaviləli hərbçilərə verilən təminatlar azaldılır, yaxud yalnız öz hesablarına ərzaq almaları tapşırılır. Ermənistan ordusundakı müqaviləli hərbçilərə hökumət ayda cəmi 110 min dram (200 ABŞ dolları) pul verir: "Aylıq ərzaq təminatlarını ödəmək üçün hərbçilər azı 20 min dram pul xərcləməlidirlər. Bu zaman sual yaranır: bəs ailələrini necə dolandırsınlar?".
Başlıca problemlərdən biri də hərbçilərin özlərilə gətirdikləri ərzağı saxlamaq üçün hərbi hissələrdə müvafiq şəraitin olmamasıdır. Yay aylarında isə, bu problem daha da aktuallaşır. Həmçinin, hərbçilərin hər dəfə özlərilə yemək daşıması çətinlik yaradır.
Beləliklə, hərbi qulluqçulara qarşı bu cür davranış qarşıda daha ciddi problemlərə gətirib çıxara bilər. Gənclərin ölkəni tərk etmələri səbəbindən, onsuz da orduda xidmət etməyə əsgər tapmayan rəsmi İrəvan, bu gedişlə, muzdla tutduğu hərbi qulluqçuları da itirə bilər.
"Ermənistanda hakimiyyətlə ordu arasındakı etimadsızlıq hökm sürür"
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Nikol Paşinyan hökumətinin davranışlarını şərh edərək, bildirib ki, Ermənistan ordusu hazırda indiyə kimi olmadığı bir bərbad durumdadır: "Əslinə qalsa, bu gün Qarabağda müharibəni başlamağa və ortaya konkret nəticə qoymağa Azərbaycanın çox gözəl imkanları və şansları var. Bunu bir neçə amillə əlaqələndirmək istərdim. Faktiki olaraq, Ermənistan rəhbərliyində, demək olar ki, müharibədən dərin anlayışı olmayan, küçə siyasətçisi Nikol Paşinyan və səriştəsiz, təcrübəsiz komandası ilə qısa bir zaman kəsiyində biz Qarabağla bağlı məsələni çox rahatlıqla həll edə bilərik. İkincisi, Rusiya ilə Ermənistanın hazırkı rəhbərliyi arasında üzdə büruzə verməyə çalışmasalar da, daxildə çox böyük inamsızlıq və fikir ayrılığı mövcuddur. Belə olan təqdirdə, əgər Rusiya müdaxilə etməsə, biz tez bir zamanda məsələni həll etmək iqtidarındayıq. Bunları ağıllandırsa, Azərbaycan Silahlı Qüvvələri ağıllandıracaq".
Onu da xatırlatmaq yerinə düşər ki, erməni ordusunda qarşılıqlı münasibətlər, nizamnamə və döyüş növbətçiliyi qaydalarının pozulması halları son vaxtlar artıb.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB