MDB XİNŞ-in növbəti iclası Moskvada keçiriləcək

MDB XİNŞ-in növbəti iclası Moskvada keçiriləcək

Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının (MDB XİNŞ) növbəti iclası dekabrın 9-da Moskvada keçiriləcək.

SİA-nın MDB İcraiyyə Komitəsinə istinadən verdiyi xəbərə görə, XİNŞ-in iclasının gündəliyinə 15 məsələ, o cümlədən "Gənclərin beynəlxalq əməkdaşlıq strategiyası", "2015-ci ilə qədər olan dövrdə hərbi sahədə əməkdaşlıq konsepsiyası", "2011-2015-ci illər üçün Razılaşdırılmış sərhəd siyasəti konsepsiyasının həyata keçirilməsinə dair tədbirlər planı" və digər layihələr daxildir. Xarici işlər nazirləri cinayətkarlığa, terrorizmə və ekstremizmin digər zorakı təzahürlərinə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə qarşı birgə mübarizə tədbirləri proqramlarının layihələrini də müzakirə edəcəklər.

Bu proqramlar 2011-2013-cü illər üçün nəzərdə tutulmuşdur və XİNŞ-in iclasında baxıldıqdan sonra dövlət başçılarının müzakirəsinə təqdim ediləcəkdir. MDB ölkələrinin Dövlət Başçıları Şurasının iclasında baxılması nəzərdə tutulan ən mühüm məsələ sərbəst ticarət zonası haqqında müqavilə layihəsinin hazırlanmasının gedişi məsələsi olacaqdır.

Cari ilin sonuna qədər həmin sənədin layihəsinin razılaşdırılması, 2011-ci ilin birinci yarısında isə onun qəbul edilməsi nəzərdə tutulur. Dövlət başçılarına 2011-ci ilin MDB-də Ərzaq Təhlükəsizliyinin Artırılması İli elan edilməsi və Çernobıl AES-də qəzanın 25-ci ildönümü ilə əlaqədar MDB Dövlət Başçıları Şurasının Müraciəti haqqında qərarlar qəbul etmək təklif olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə