Elçin Mirzəbəyli: "Yaranmış vəziyyət dövlətimizin ərazi bütövlüyünün təminatı üçün hərbi yoldan başqa seçim qoymur”

Elçin Mirzəbəyli: "Yaranmış vəziyyət dövlətimizin ərazi bütövlüyünün təminatı üçün hərbi yoldan başqa seçim qoymur”

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı ATƏT-in Astanada keçirilən zirvə toplantısı çərçivəsində verilən bəyanat həmsədr dövlətlərin problemin ədalətli həllində maraqlı olmadıqlarını bir daha sübuta yetirir.

SİA-nın xəbərinə görə, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətinə açıqlamasında partiyanın beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli deyib.

Bəyanatla bağlı partiyanın mövqeyini ifadə edən BAXCP funksioneri bəyanatda münaqişənin bilavasitə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin labüdlüyü barədə müddəanın yer almadığından narahat olduqlarını bildirib: "Doğrudur, Astana bəyanatında münaqişənin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, həmçinin prezidentlər Dmitri Medvedev, Nikola Sarkozi və Barak Obamanın 10 iyul 2009-cu ildə Akvilldə, 26 iyun 2010-cu ildə Muskokada verdikləri bəyanat əsasında tənzimlənməsinin vacibliyi vurğulanır. Dövlətlərin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı prinsipi BMT Hizamnaməsində və Helsinki Yekun Aktında öz əksini tapıb. Eləcə də Akvilldə və Muskokda verilən bəyanatlarda Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlüksizlik Şurasının müvafiq qətnamələrinə istinad olunub. Ancaq bununla yanaşı, Astanada verilən bəyanatda Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsi konkret ifadə ilə öz əksini tapmalıydı. Çünki bu münaqişənin ədalətli həllində ana xətt, təməl sütun rolunu oynayır. Bəyanatda ərazi bütövlüyü prinsipinin konkret şəkildə vurğulanmaması isə ənənəvi olaraq işğalçı Ermənistana manipulyativ addımları üçün əlavə stimul verəcək".

BAXCP-nin ATƏT-in Minsk qrupunun və həmsədr ölkələrin fəaliyyətinə münasibətdə hər zaman birmənalı mövqe sərgilədiyini xatırladan Elçin Mirzəbəyli qeyd edib ki, prosesin yayındırıcı bəyanatlarla uzadılması Azərbaycan xalqının maraqlarına cavab vermir: "Yaranmış vəziyyət dövlətimizin ərazi bütövlüyünün təminatı üçün hərbi yoldan başqa seçim qoymur. Hesab edirik ki, Azərbaycan xalqı və dövləti torpaqlarımızın hərbi yolla azad edilməsi barədə ciddi şəkildə düşünməli və bu istiqamətdə genişmiqyaslı hazırlığa başlanılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə