Paşinyan rəqiblərini necə neytrallaşdırır? TƏHLİL

Paşinyan rəqiblərini necə neytrallaşdırır? TƏHLİL

Keçmiş lideri Levon Ter-Petrosyan baş nazirə yol göstərir

Dərin iqtisadi böhran içində olan Ermənistanda ictimai-siyasi vəziyyət getdikcə çətin duruma düşüb. Avqustun 17-nə baş nazir vəzifəsində olmağının 100-cü gününə hazırlaşan N.Paşinyan vəziyyətdən çıxış yolu axtarışındadır. Bir tərəfdən nazirliklərin istefaları, bir tərəfdən də Paşinyanın verdiyi vədlərin həyata keçirilməməsi xalqın hiddətinə səbəb olub. Ermənistan mətbuatı yazır ki, Paşinyan hökumətində böhran yaşanıb. Ölkənin əmək və sosial məsələlər naziri Mane Tandilyan baş nazir Nikol Paşinyanın qərarına etiraz edərək istefa verib. Mane Tandilyan bu sistemin əhaliyə sırınmasına qarşı çıxıblar. Tandilyan təklif edib ki, sistemin tətbiqini 1 il təxirə salaraq, ictimai müzakirələr aparsınlar və əhalinin də mövqeyini öyrənsinlər. Lakin Paşinyan onlara xatırladıb ki, parlamentin yox, hökumətin iclasındadırlar və baş nazir nə desə, o da olacaq. Nəticədə, səsvermə zamanı nazirlərin heç biri Paşinyanın qərarının əleyhinə getməyib və 1 iyuldan etibarən Ermənistanda məcburi maliyyələşən pensiya fondu sisteminin tətbiq edilməsinə dair qərar qəbul olunub.

Əmək və sosial məsələlər naziri Mane Tandilyan iclasda Paşinyanın təzyiqilə bu qərarın qəbuluna mane ola bilməməsini özünə bağışlaya bilməyib və vəzifəsindən istefa verib: "Bu məsələ mənim üçün prinsipial əhəmiyyət kəsb edir. Pensiya sistemində məcburilik elementi bundan əvvəl də əhalinin dəstəyini almamışdı, yenə də almayacaq. Çünki bu məsələdə çoxsaylı - sosial, hüquqi, siyasi və sistem problemləri var".

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın bəzi rayonlarında pensiya və müavinətlərin artırılması ilə bağlı aksiyalar təşkil edilmişdi. Etirazçılar Paşinyan hökumətindən pensiyaların, ən azı 30 faiz qaldırılmasını tələb ediblər. Lakin hazırkı dövlət büdcəsilə bu tələbi qarşılaya bilməyən Paşinyan pensiya fondunu əhalinin gəlirlərindən tutulan məcburi ödəmələrlə doldurmaq qərarı verib. Hökumətin məcburi maliyyələşdiriən pensiya sistemi qərarına əsasən, 1 iyuldan etibarən 1974-cü il və daha sonra dünyaya gələn erməni vətəndaşları əmək haqlarının 2,5 fazini pensiya fonduna ödəməlidirlər. Ümumilikdə isə, bu sistemlə fonda gəlirlərin 10 faizi daxil olacaq, lakin onun 7,5 faizini dövlət özünə götürəcək. Paşinyan, hətta bildirib ki, gələcəkdə pensiya fondu üçün əhalinin gəlirlərindən tutulacaq məbləğ maaşlarının 5 faiz həcminə qaldırılacaq.

Ölkəyə gətirilən investisiyalar hara gedir?

Məsələyə erməni ekspertlər də münasibət bildiriblər. Tatul Manaseryana görə, Paşinyanın bu addımı iqtisadidən daha çox siyasi qərardır. Çünki hökumət bu qərarı verməsəydi, məcbur olacaqdı ki, pensiyaları ödəmək üçün vergiləri artırsın. Manaseryan vurğulayıb ki, Ermənistanda son zamanlar demoqrafik azalma və cavanların ölkəni tərk etməsi nəticəsində, qocaların sayının artmasilə pensiyaçıların da sayı çoxalıb. Onların pensiyasını ödəmək isə dövlətin borcudur. Odur ki, ölkəni növbəti sosial-iqtisadi böhrandan qorumaq üçün əhalinin narazılığına baxmayaraq, Paşinyan bu cür riskə gedib. Lakin belə "risklər" Paşinyanın postu üçün olduqca təhlükəlidir.

Nikol Paşinyan rəqiblərini neytrallaşdırmağı çıxış yolu bilir

Ermənistanın baş naziri Nikol Paşinyan əsas rəqiblərini - Qarabağ klanının aparıcı üzvlərini sıradan çıxararaq qarşısınındakı bütün əngəlləri aradan qaldırmaqda israrlı olduğunu nümayiş etdirir. Belə ki, işğalçı ölkənin ikinci prezidenti, Azərbaycana qarşı təcavüzkarlıq, terror siyasətinin həyata keçirilməsində xüsusi fəallıq nümayiş etdirən Robert Koçaryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, erməni generalı Yuri Xaçaturova qarşı xüsusi ittiham irəli sürülüb. Ermənistanın xüsusi istintaq xidməti bu şəxsləri 2008-ci ilin mart ayında İrəvanda baş vermiş kütləvi qırğın və terror hadisəsinin törədilməsində təqsirli bilir.

Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Nikol Paşinyan parlament seçkilərinə hazırlaşır və ona görə də, rəqiblərini neytrallaşdırmaq haqqında düşünür. O bildirib ki, Paşinyan Serj Sarkisyana elə bir zərbə endirib ki, eks-prezidentin yenidən siyasətə qayıdışı mümkünsüzdür: "Növbə çatıb keçmiş prezident Robert Koçaryana. Paşinyan üçün Koçaryan Sarkisyandan az təhlükəli fiqur deyil. Ermənistan müstəqillik qazandıqdan bu yana bu ölkəni faciəyə sürükləyənlərin başında Robert Koçaryan dayanır. Məhz Koçaryan kimilərin "əməyi" sayəsində Ermənistan Azərbaycan və Türkiyə ilə düşmən olub".

Politoloqun fikrincə, Ermənistan siyasətindən Qarabağ klanının ortadan qaldırılmasını Paşinyana keçmiş lideri Levon Ter-Petrosyan məsləhət bilib: "Məsləhətin məğzi belədir ki, qarabağlıların Ermənistan siyasətində at oynatdıqları müddətdə Ermənistanı yaxşı heç nə gözləmir". E.Şahinoğlu hesab edir ki, Nikol Paşinyan qarabağlıları ustalıqla siyasətdən yox etməyə çalışır: "Məsələ burasındadır ki, Qarabağ klanının üzvləri Rusiyanın dəstəyinə arxayındırlar. Ancaq Moskva Serj Sarkisyanın istefasına və ətrafının həbsinə reaksiya vermədi, Koçaryanı da, hələ ki, dəstəkləmir. Nikol Paşinyan özünə o qədər arxayındır ki, Rusiyanın patronajlığı altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşklatının erməni baş katibi Yuri Xaçaturovu həbs etmək istəyir".

Bütün bu reallıqlar, onu təsdiqləyir ki, Ermənistanın müstəqil dövlət olması hələ mümkün deyil. Lakin tarix göstərir ki, belə vəziyyət uzun müddət davam etmir. Haradasa qırılma nöqtəsi vardır. Ermənistan da bir dövlət kimi yaxın perspektivdə ciddi böhrana düşəcək. İndi mövcud olan problemlər birbaşa dövlətçiliyin taleyinə təsir edəcək. Bu acı taleyi yaşamamaq üçün yeganə çıxış yolu erməni silahlı quldur dəstələrinin işğal etdikləri Azərbaycan ərazisini tərk etməsidir.

Eyni zamanda, Ermənistanın baş naziri Paşinyan dialoq mədəniyyətinə yiyələnməlidirlər. Onun kobud, yöndəmsiz və radikal ritorikaları Ermənistanın quyusunu daha dərindən qazmaqdan başqa, heç nəyə xidmət etmir. Qəribədir ki, erməni xalqı qəflət yuxusundan ayılmaq istəmir. Bununla, o da özünü, bütövlükdə fəlakətə sürükləyir. Ancaq misal var - "özü yıxılan, ağlamaz"!

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə