Türkmənistanlı diplomat: "“Nabucco” Türkmənistanın gündəmindədir”

Türkmənistanlı diplomat: "“Nabucco” Türkmənistanın gündəmindədir”

Türkmənistanın Özbəkistandakı səfiri Sultan Pirmuhammedov "Nabucco" təbii qaz boru xətti layihəsinin Türkmənistanın planları xaricində olmadığını söyləyib. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, səfirlik binasında təşkil etdiyi mətbuat konfransında Türkmənistan təbii qazının Qərbə alternativ yollarla ixracı ilə bağlı suala cavab olaraq S.Pirmuhammedov bu məsələdə prioritet kimi düşündükləri alternativ yolun "Nabucco" olduğunu vurğulayıb. Səfir Türkmənistanın "Nabucco" layihəsində iştirak etməsinin hələ dəqiqləşməməsinə baxmayaraq layihə ilə bağlı prosesi yaxından izlədiklərini dilə gətirıb: "Zaman gələr bu layihədə iştirak edə bilərik".

 

Türkmənistanda 21 trilyon kubmetr təbii qaz ehtiyatının olduğunu diqqətə çatdıran S.Pirmuhammedev 2030-cu ilə qədər illik təbii qaz istehsalını 230 milyard kubmetrə çıxarmağı planlaşdırdıqlarını deyib. Türkmənistanda bir çox dövlətin ehtiyaclarını təmin edəcək qədər təbii qazın olduğunu qeyd edən səfir 2030-cu ilə kimi illik qaz ixracını 180 milyard kubmetrə çatdırmağı hədəflədiklərini vurğulayıb.

 

Hal-hazırda Rusiya, İran və Çin istiqamətinə təbii qaz ixrac etdiklərini xatırladan səfir Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) boru xətti layihəsinin icra olunması ilə Cənub Asiyanın da türkmən təbii qazına qovuşacağını bildirib. O, dəyəri 7 milyard 600 milyon dollar olan TAPİ-nin 1680 kilometr uzunluğunda olacağını söyləyib. Sahib olduqları təbii qaz potensialını heç bir zaman siyasi məqsədlər üçün istifadə etmək istəmədiklərini və bunun başqa ölkələr tərəfindən edilməsinə icazə verməyəcəklərini dilə gətirən S.Pirmuhammedov bildirib ki, məqsədləri sahib olduqları yeraltı zənginlikdən digər xalqların beynəlxalq qiymət normaları çərçivəsində faydalanmasını təmin etməkdir: "Bu zənginliyi heç bir zaman siyasi alətə çevirməyəcəyik. Neytral bir ölkə olaraq təbii qazda qiymət oyunlarına heç zaman getməyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə