Müxalifət niyə yoxa çıxıb? TƏRS BAXIŞ

Müxalifət niyə yoxa çıxıb? TƏRS BAXIŞ

Yaxud, yeni “lider” amili heç üfüqdə də görünmür

Uzun illər ölkənin siyasi həyatında var-gəl edən ənənəvi müxalifətin hazırkı dövrdə proseslərə təsir etmə imkanları tükənib və reallıq göz önündədir. Lakin digər tərəfdən, öz zəifliklərini və gücsüzlüklərini etiraf etmələri yerinə xalqı, ictimaiyyəti ittiham edən “liderlər” özləri-özlərinin xalqdan təcrid etmələri barədə danışmaq fikrində deyillər. Yəni fakt budur ki, radikal müxalifət dağıdıcılıq prinsipi sayəsində xalqdan, cəmiyyətdən təcrid olunub və normal düşüncəli insanlar bunları rədd edir.

Özlərini “lider” elan edənlərin isə ümumiyyətlə, heç bir siyasi perspektivləri mövcud deyil

Digər tərəfdən, daha bir amil budur ki, müxalifətin zəifləməsi həm də müxalifətdaxili proseslərlə bağlıdır. Dəfələrlə bir araya gələn müxalifət sonda qarşılıqlı ittihamlarla özlərini oyundankənar hala saldılar. Hətta seçkilərdə bloklaşanlar belə, sonradan düşmənlərə çevrilir, bu isə əlbəttə ki, onların ağır durumlarını daha da ağırlaşdıraraq, dalana dirəyir. Müsavat-AXCP savaşı, KXCP-də qarşıdurmalar, digər partiyalarda da bənzər vəziyyətlər deyilənləri illərdir ki, isbatlamaqdadır.

Məhz bu və bu kimi digər səbəblərdən, müxalifəti birləşdirəcək heç bir əsas yoxdur. Onu da qeyd edək ki, müxalifəti bir araya gətirəcək siyasi lider də yoxdur. Özlərini “lider” elan edənlərin isə ümumiyyətlə, heç bir siyasi perspektivləri mövcud deyil.

Regionda baş verən proseslər faktiki olaraq iqtidarın təsir dairəsini genişləndirir, eləcə də xalqın hakimiyyətə olan inamını daha da artırır

Radikal və dağıdıcı müxalifətin sıradan çıxması həm də regional, eyni zamanda qlobal siyasətlə bağlıdır. Misal üçün, regionda baş verən proseslər faktiki olaraq iqtidarın təsir dairəsini genişləndirir, eləcə də xalqın hakimiyyətə olan inamını daha da artırır. İqtisadi uğurlar, sosial siyasətdə əldə edilən nailiyyətlər də bu sıradandır. Nəticədə ənənəvi müxalifət qlobal proseslərə nəinki, təsir etmək, ümumiyyətlə bu proseslərə qatıla da bilmir. Onu da xüsusi olaraq qeyd edək ki, müxalifətin güclənməsini hər zaman beynəlxalq təşkilatlar təmin edirdi. Son vaxtlar isə beynəlxalq təşkilatlarda müxalifətlə əməkdaşlığa maraqlı görünmürlər. Məhz bu faktorlara görə müxalifətin çöküşü mümkünsüz görünür. Artıq, belə qənaətə gəlmək olar ki, müxalifət düşərgəsində heç bir dəyişiklik olmayacaq, olsa belə, bu həmin tərəfin daha da gerilənməsi ilə nəticələnəcək. Çünki bu gün müxalifətə yeni liderlər lazımdır və bu liderlər isə heç üfüqdə belə, görünmür...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə