MTN-in Heydər Əliyev adına Akademiyasında Əfqanıstanın yüksək rütbəli zabitləri üçün kurslar təşkil edilib

MTN-in Heydər Əliyev adına Akademiyasında Əfqanıstanın yüksək rütbəli zabitləri üçün kurslar təşkil edilib

Əfqanıstana qeyri-hərbi sahədə yardımlar göstərilməsi ilə əlaqədar tədbirlər çərçivəsində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında noyabr ayında Əfqanıstanın bir qrup yüksək rütbəli təhlükəsizlik zabiti üçün "Müasir dövrdə terror təhdidləri və onlara qarşı mübarizə" mövzusunda iki həftəlik tədris kursları təşkil edilib.

MTN-in İctimai Əlaqələr Mərkəzindən SİA-ya verilən məlumata görə, təlim prosesində akademiyanın professor-müəllim heyəti və milli təhlükəsizlik orqanlarının təcrübəli əməkdaşları tərəfindən mühazirələr oxunmuş və praktiki məşğələlər keçirilib.

Kurs müddətində Əfqanıstanın təhlükəsizlik zabitlərinə Azərbaycan xalqının tarixi və mədəniyyəti, dövlət quruculuğunun inkişaf yolları və müasir mərhələsi barədə ətraflı məlumat verilib. Onlar üçün habelə Azərbaycan Tarix Muzeyinə, Şirvanşahlar Sarayına, Bibi Heybət Məscidinə, Bakı şəhərinin digər görməli yerlərinə, Şamaxı və Lənkəran şəhərlərinə ekskursiya və səfərlər təşkil olunub.

Noyabr ayının 30-da tədrisin başa çatması ilə əlaqədar kurs iştirakçıları ilə görüş keçirilib. Akademiya rəisi general-leytenant Ziya Yusifzadə Əfqanıstanın dövlət quruculuğu üçün vacib olan tarixi mərhələdə əfqan xalqına yardım göstərilməsinin xüsusi əhəmiyyətini qeyd edib.

Sonda Əfqanıstanın təhlükəsizlik zabitlərinə təlim-tədris kurslarını müvəffəqiyyətlə bitirmələri barədə müvafiq sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə