Yaxud, “məni, Azərbaycana hədiyyə edin” qorxusu
Ermənistanın keçmiş prezidenti, 2008-ci il 1 mart hadisələrinin istintaqı çərçivəsində konstitusion quruluşu devirmək cəhdi ittihamı ilə bağlı dindirilən Robert Köçəryan nədənsə, bundan sonra istintaqa heç bir ifadə verməyəcəyini deyib. Bu arada, əli erməni xalqı ilə yanaşı, azərbaycanlıların da qanına bulaşan Köçəryan istintaq xidmətində dindirildikdən sonra, “Yerkir media” telekanalına müsahibə verib və barəsində irəli sürülən ittihamları “saxta, qurama” adlandırıb, istintaqa cəlb edilməsini “siyasi təqib” adlandırıb. Artıq, Köçəryan barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət olunub və onun həbsi daha real görünür.
Erməni eks-prezidentinin iddiaları
O, iddia edib ki, hələ Dağlıq Qarabağın “birinci prezidenti” olarkən, cəbhə xəttində təhlükəsizlik zolağı yaradıb və Ermənistanın ikinci prezidenti “seçildikdən” sonra ölkə iqtisadiyyatı 5 faiz artıb. Köçəryan əsasən, Azərbaycan ərazilərinin işğalındakı rolunu daha çox qabardıb və həbsinin yolverilməz olduğunu deyib.
R.Köçəryan hazırkı Ermənistan hökumətinə istehza edərək, əslində daxilindəki həbs qorxusunu da gizlədə bilməyib. SİTAT: “İttihamlar quramadır. Azərbaycanda hansı təntənə, sevinc hiss etdiklərini təsəvvür edə bilərəm. Onlara belə hədiyyə edin”
Köçəryandan Paşinyan hökumətinə: “Bu, dövlətçiliyin təməlinə qoyulan bombadır”
Digər maraqlı məqam isə budur ki, ona qarşı irəli sürülmüş ittihamları qurama və siyasiləşirilmiş adlandıran Köçəryan baş verənləri ölkə üçün təhlükə anı hesab etdiyini də gizlətməyib. Artıq bir sıra erməni ekspertləri onun bu fikirlərini təhdid və hədə kimi də qiymətləndirib. Belə ki, Köçəryan sözügedən müsahibəsində bildirib ki, ona qarşı irəli sürülən ittihamlar eyni zamanda orduya qarşıdır: “Bu, ölkə üçün təhlükəli andır. Bu, dövlətçiliyin təməlinə qoyulan bombadır. Konstitusiya məkhəməsinin qərara yenidən baxması elə bir bombadır ki, mütləq partalayacaq. Başqa cür ola da bilməz. Qanunvericilik sistemi böyük təhlükədədir”.
Daha bir ilginc iddia: “Belə çıxır ki, bütün ordu cinayətkar elan edilir”
Köçəryan Nikol Paşinyan hökumətinə barmaq silkələyərək, təhdidini davam etdirib və sual ünvanlayıb: “Mövcud hakimiyyət əbədi deyil və hər yeni hakimiyyət öz növbəsində bu işə yenidən baxacaq. Eyni zamanda, ordu da ittiham olunur. Ölkə müharibə şəraitindədir, siz nə edirsiniz? Ordunun bu qədər alçaldılması hansı nəticələrə gətirib çıxaracaq? Məgər Qarabağ məsələsi həll olunub və sərhədlərdə sakitçilikdir?”.
“Hesab edirəm ki, əgər bu hadsəni (1 mart olayları-R.N.) ordu törədibsə, mən də ali baş komandanamsa və baş verənləri ordunun yardımı ilə etmişəm, belə çıxır ki, bütün ordu cinayətkar elan edilir”-deyə Köçəryan bildirib.
Respublika partiyasının sədr müavini Armen Aşotyan: “Yox, bu vendetta deyil, bu, əsl vakxanaliya və siyasi terrordur”
Qeyd edək ki, Nikol Paşinyan tərəfindən devrilmiş Serj Sarkisyanın tərəfdarları Köçəryanın müdafiəsinə qalxmağa başlayıblar. Onlar küçədən gələn “demokratiyanı” sərt şəkildə tənqid edir və Paşinyanı siyasi təqiblərdə günahlandırırlar.
Bu arada Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri, Respublika partiyasının sədr müavini Armen Aşotyan “Facebook” səhifəsində Robert Köçəryanı müdafiə edən status paylaşıb. Belə ki, o Ermənistanın ikinci prezidentinə qarşı irəli sürülmüş məlum ittihamları “siyasi terror” adlandırıb.
“Yox, bu vendetta deyil, bu, əsl vakxanaliya və siyasi terrordur”-deyə Aşotyan yazıb.
Beləliklə, istintaqa cəlb olunan və barəsində mümkün həbs qərarı veriləcək Ermənistanın ikinci prezidenti Robert Köçəryan bir tərəfdən qorxur, digər tərəfdən isə təhdid edir. Onu müdafiə edənlər isə nə qədər maraqlı görünsə də məhz Serj Sarkisyanın tərəfdarlarıdır. Çünki 1 mart hadisələrində Serj Sarkisyanın da az-çox payının olması kimsəyə sirr deyil.
Digər tərəfdən, xüsusilə, 1 mart qanlı hadisələrində ordudan istifadə edən erməni eks-prezident siyasi şantaja da yol verərək, həbs ediləcəyi zaman, ordunun da cinayətkar hesab ediləcəyini deyib. Bu amil isə Ermənistanda yeni narazılıqlara və qarşıdurmalara səbəb ola bilər. Hər halda, mövcud məsələ də məhz bu istiqamətdə inkişaf etməkdədir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB