Akif Nağı: “Rusiyanın canfəşanlığı Azərbaycanın hərbi ritorikasının və hərbi variant perspektivinin aradan qaldırılmasına yönəlib”

Akif Nağı: “Rusiyanın canfəşanlığı Azərbaycanın hərbi ritorikasının və hərbi variant perspektivinin aradan qaldırılmasına yönəlib”

"Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın təşəbbüsləri və hər hansı bir sənəd qəbul etmək istəyi ciddi görünür". SİA-ya açıqlamasında bu sözləri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı dekabrın 1-2-də Qazaxıstanın Astana şəhərində keçiriləcək ATƏT-in zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gözləntilərə münasibət bildirərkən deyib.

 

Bir müddət əvvəl tərəflərin razılaşdırdığı məsələlərin yer aldığı sənədin imzalanması ilə bağlı Rusiyanın təklifinin olduğunu deyən A.Nağı bildirib ki, Azərbaycanın maraqlarına cavab verməsinə baxmayaraq bu sənədə Ermənistan da müqavimət göstərir. Qarabağ Azadlıq Təşkilatının sədri Lissabon sammitində NATO-nun qəbul etdiyi sənəddə dövlətlərin ərazi bütövlüyünün əksini tapmasından Ermənistanın ehtiyatlandığını qeyd edib: "Bu vaxta kimi qəbul olunan bütün sənədlərdə iki əsas prinsip, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə əsas götürülüb. Lissabonda qəbul olunan sənəd isə ilk dəfə idi ki, Ermənistanın maraqlarına cavab verməyib. Yəqin ki, Ermənistan Astanada qəbul olunacaq sənəddə hər iki prinsipin yer almasına çalışacaq. Hesab edirəm ki, Astanada qəbul olunacaq sənəd vəziyyəti ciddi şəkildə dəyişdirməyəcək və status-kvonun saxlanmasına yardım edəcək. Azərbaycan isə status-kvonun saxlanmasında maraqlı deyil. Rusiyanın da canfəşanlığı hesab edirəm ki, Azərbaycanın hərbi ritorikasının və hərbi variant perspektivinin aradan qaldırılmasına yönəlib. Rusiya da çalışır ki, növbəti bir sənəd qəbul etməklə münaqişənin həlli vaxtını bir qədər də uzatsın. Əsas məsələ, konkret olaraq Ermənistanın işğal olunmuş torpaqlardan çıxması məsələsi sənəddə əksini tapmayacaq. Astana görüşü Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Hesab edirəm ki, təklif olunacaq sənəddə xalqların öz müqəddaratını həll edilməsi ilə bağlı müddəa əksini tapacaqsa, Azərbaycan bu sənədə imza atmamalıdır. Lissabon sammitindən sonra bu müddəa yenidən ortaya çıxacaqsa, bu geriyə addım olacaq".

 

A.Nağı uzun müddətdir ki, müzakirə mövzusu olan "yol xəritəsi"nin qəbulunu da inandırıcı hesab etmir: "Yol xəritəsi elə bir sənəddir ki, orada razılaşdırılmış, konkret məsələlər qoyulur. Amma Azərbaycan və Ermənistanın mövqeləri o qədər fərqlidir ki, onları bir araya gətirib "yol xəritəsi" halına salmaq çətin məsədələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə