DAK Azərbaycana “Bölünmüş Xalq” statusunun verilməsi üçün BMT-yə müraciət edəcək

DAK Azərbaycana “Bölünmüş Xalq” statusunun verilməsi üçün BMT-yə müraciət edəcək

Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti – XI Qurultayına dörd gün qaldı. Qurultay 2010-cu il dekabrın 4-5-də Almaniyanın Bonn şəhərində keçiriləcək. DAK-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Qurultayda 25 ölkədən 200 nümayəndə və qonağın iştirakı gözlənilir. Qurultaya Azərbaycan Milli Elmlər Akademiyasından, Milli Məclisdən, QHT-lərdən də nümayəndələr dəvət olunub.

Qurultayın gündəliyinə İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan 35 milyondan çox Azərbaycan türkünün problemi, orada insan haqlarının pozulması, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyaya çatdırılması, diasporların təşkilatlanması və cari məsələlər salınıb.

Eyni zamanda, DAK BMT-yə Azərbaycana "Bölünmüş Xalq" statusunun verilməsi üçün müraciət ediləcək.

Xatırladaq ki, Dünya Azərbaycanlıları Konqresi 1997-cı ildə ABŞ-ın Los-Anceles şəhərində təsis olunub. DAK Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlının hüquqlarının müdafiəsində duran beynəlxalq ictimai təşkilatdır. DAK fəaliyyətində demokratik prinsiplərin aliliyini əsas tutaraq, hər bir azərbaycanlınin fərdi, sosial-iqtisadi, siyasi və mədəni hüquqlarının qorunmasını ictimai təşkilat kimi bir vəzifə olaraq üzərinə götürüb. DAK kollegial idarəetmə sisteminə malikdir, fəaliyyətində tam sərbəstdir, heç bir dövlət, hökumət və qeyri-hökumət təşkilatları qarşısında məsul deyil. DAK fəaliyyətini Ümumdünya İnsan Haqları Bəyannaməsinə, beynəlxalq hüquq normalarında əks olunmuş mülki, siyasi, sosial, iqtisadi, mədəni hüquqların müdafiəsinə yönəlmiş prinsiplərə və öz Nizamnaməsinə uyğun qurur.

Bütün xəbərlər Facebook səhifəmizdə