Elçin Mirzəbəyli: “Rusiyanın proseslərə zor gücü ilə təsir göstərmək siyasəti uzunmüddətli effektiv siyasət deyil”

Elçin Mirzəbəyli: “Rusiyanın proseslərə zor gücü ilə təsir göstərmək siyasəti uzunmüddətli effektiv siyasət deyil”

"Astana sammitinin Azərbaycanın strateji müttəfiqlərindən sayılan Qazaxıstanda keçirilməsi xüsusi önəm daşıyır". SİA-ya açıqlamasında bu sözləri deyən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli bildirib ki, Qazaxıstan ATƏT-in müvəqqəti sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən cəhdlər etsə də postsovet məkanındakı reallıqlar mühüm irəlilələyişə imkan verməyib.

 

Ermənistan tərəfinin açıqlamalarının sammit çərçivəsində keçiriləcək görüşlərdə ciddi bir irəliləyişə nail olmaq ehtimalını azaltdığını vurğulayan E.Mirzəbəyli hansısa ümumi bir bəyannamənin qəbulunu mümkün sayır: "Bu bəyannamədə münaqişənin sülh yolu ilə həll olunması prinsipi vurğulana bilər. Lakin bütövlükdə münaqişənin həlli istiqamətində ciddi irəliləyişə nail olunacağını gözləmirəm".

 

Bir müddət əvvəl prezident Serj Sarkisyanın sammitə qatılmama ehtimalı ilə bağlı səslənən fikirlərə də toxunan E.Mirzəbəyli bunu Ermənistanın sammit öncəsi manevrləri ilə əlaqələndirib: "NATO-nun Lissabon zirvə toplantısında dövlətlərin ərazi bütövlüyü ilə bağlı qəbul olunan sənəd, eyni zamanda Ermənistanın davranışları ilə bağlı ATƏT-ə üzv olan ayrı-ayrı dövlətlərin səsləndirdiyi sərt fikirlər bu ölkəni manevrlər etməyə sövq edir. Digər tərəfdən Ermənistan özünün müstəqil dövlət olduğunu göstərmək istəyirdi. Keçirilən görüşlərdən sonra Ermənistanın himayədarı olan Rusiyanın təzyiqindən sonra faktiki olaraq Serj Sarkisyan geri çəkilməyə məcbur oldu və sammitdə iştirak edəcəyini bildirdi. Hesab edirəm ki, Ermənistanın sammitdə iştirak edib-etməməsi ümumiyyətlə hansısa formada proseslərə təsir göstərmək gücündə deyil. Sarkisyan sammitə qatılmasaydı, özünü daha pis vəziyyətə salardı".

 

Minsk Qrupunun həmsədrlərindən olan Rusiyanın davranışlarına gəlincə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının beynəlxalq məsələlər üzrə katibi hesab edir ki, postsovet məkanında olan münaqişələrlə bağlı Rusiyada fərqli fikirlər var: "Bu Rusiyanın siyasi rəhbərliyinin atdığı addımlarda da özünü göstərir. Rusiyanın mövcud, yəni proseslərə zor gücü ilə təsir göstərmək və təsir altında saxlamaq siyasəti uzunmüddətli effektiv siyasət deyil. Bunu başa düşən siyasətçilər postsovet məkanındakı münaqişələrin həlli ilə bu ölkələrlə iqtisadi əlaqələrin gücləndirilməsi müstəvisində öz nüfuz dairələrinin qorunub saxlanmasının daha effektli olduğunu düşünürlər. Təəssüflər olsun ki, sovet dövründən qalma düşüncə tərzi bəzi siyasətçilərə bu məsələlərdə daha düzgün, obyektiv mövqe tutmağa maneə olur. Rusiyanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı birmənalı mövqeyin olmaması göz qabağındadır. Rusiya postsovet məkanındakı münaqişələrin dondurulmuş vəziyyətində qalmasında daha maraqlı görünür".

Bütün xəbərlər Facebook səhifəmizdə