Göygöl və Samux rayonlarında ev quşlarından qan analizləri götürülüb

Göygöl və Samux rayonlarında ev quşlarından qan analizləri götürülüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Baytarlıq İdarəsi ilə birgə ölkə ərazisində quş qripi ilə mübarizə istiqamətində növbəti monitorinqlərə başlayıb. Təlimata uyğun olaraq Samux rayonunun kür qırağı rayonlarındakı yaşayış yerlərində, fərdi təsərrüfatlardakı ev quşlarından da qan analizlərinin götürülməsinə başlanılıb.

Samux rayon Dövlət Baytarlıq İdarəsinin rəis müavini Fazil Məmmədovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, səhər saatlarında aparılan ilkin monitorinqlər zamanı təxminən 20-dən artıq ev quşunun qan analizləri götürülərək Dövlət Baytarlıq İdarəsinə göndərilib. Son bir neçə gündə rayonda ev quşlarının kütləvi şəkildə tələfatı vəziyyəti bir qədər gərginləşdirib.

Qeyd edək ki, Samux rayonunun Kür qırağı ərazilərindəki təsərrüfatlarda ev quşları çöl quşları ilə sıx təmasda olur. Monitorinqlər zamanı ölmüş quşlar yoxalanılması üçün paytaxta göndərilib.

Göygöl rayonunda da monitorinq keçirilir. Gün ərzində fərdi evlərdəki 130 baş ev quşundan əldə olunan qan analizləri Dövlət Baytarlıq İdarəsinə göndərilib. Göygöl rayon Ərazi Baytarlıq Laboratoryasının direktoru Aydın Hüseynov SİA-ya bildirib ki, cari ilin müvafıq dövrü ərzində sözügedən rayon üzrə 800 başdan artıq ev quşundan qan analizləri götürülüb və cavablar müsbət çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə