Ombudsman Cenevrədə keçirilmiş beynəlxalq konfransda iştirak edib
Bu günlərdə İsveçrənin Cenevrə şəhərində Ədliyyə Təşəbbüsü Açıq Cəmiyyəti, UPR-Watch və Brookings İnstitutunun təşkilatçılığı ilə "Saziş qurumları, xüsusi prosedurlar və Universal Dövri İcmalın (UDİ) həyata keçirilməsi və bu prosesin davam etdirilməsinin təkmilləşdirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bu beynəlxalq konfransda iştirak edib.
Konfransın açılış mərasimində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının müavini Kyunq-vha Kanq, habelə Ədliyyə Təşəbbüsü Açıq Cəmiyyəti, UPR-Watch və Brookings İnstitutunun nümayəndələri çıxış edərək, tədbirin məqsəd və məramını iştirakçılara çatdırıblar.
E.Süleymanova tədbirdə çıxış edərək, Azərbaycan Ombudsmanının UDİ üzrə təşkil olunmuş fəaliyyəti haqqında məlumat vermişdir. O, 2009-cu ilin fevralında BMT-nin İnsan Hüquqları Şurasında (İHŞ) Azərbaycanın ilk hesabatının dinlənildiyini və Şura tərəfindən bütövlükdə vəziyyətin müsbət dəyərləndirildiyini, eyni zamanda ölkəmizə dair bir sıra tövsiyələr verildiyini bildirib.
Həmin tövsiyələrin icrası prosesinin ölkəmizdə uğurla icra olunan İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) tərkib hissələrindən biri olduğunu bildirən Müvəkkil MFP-nin təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə yerli icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli QHT-lərin, habelə KİV-in və icmaların nümayəndələrinin iştirakı ilə ölkənin bütün şəhər və rayonlarında keçirdiyi ictimai dinləmələrdə İnsan Hüquqları Şurası, o cümlədən də Universal Dövri İcmal mexanizmi haqqında da iştirakçılara ətraflı məlumat verdiyini və müzakirə etdiyini vurğulayıb.
Beynəlxalq konfrans səmərəli fikir mübadiləsi şəraitində başa çatmış, Azərbaycan Ombudsmanının böyük maraq doğuran Bəyanatı iştirakçılara paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB