Son zamanlar erməni mediasında Fransanın Ermənistana xəyanət etməsi, Azərbaycanla iqtisadi mənafeləri naminə Dağlıq Qarabağ münaqişəsinə azərbaycanpərəst mövqe tuta bilməsi haqda əks-təbliğat materiallarının sayının çoxaldığını desək yanılmarıq. Bütün bunlar Azərbaycanın artan nüfuzundan erməni lobbisinin və Ermənistanın dərin narahatlıq keçirdiyini göstərir. Azərbaycan Prezidentinin son Fransa səfəri də ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində fəallığının artdığının şahidi olduq.
Fransanın Dağlıq Qarabağ münaqişəsində rolu nədən ibarətdir və vasitəçi ölkə bu istiqamətdə hansı addımlar ata bilər?
Məsələ ilə bağlı SİA-ya açıqlama verən politoloq Fikrət Sadıqov bildirib ki, Fransada hakimiyyətə gələn yeni siyasi rəhbərliyin heç bir partiyaya mənsub olmaması bir sıra məsələlərə yanaşma tərzində özünü göstərməkdədir: “Fransa prezidenti yeni nəsil nümayəndəsi olaraq bir çox məsələlərə öz mövqeyini bildirməsi Azərbaycan üçün müsbət faktdır”.
Fransanın Avropa İttifaqının aparıcı oyunçularından olduğunu deyən politoloq söyləyib ki, bu ölkə ilə yaxınlıq edib bir sıra məsələləri müzakirə edib həll etmək, öz maraqlarımız çərçivəsində xarici siyasət həyata keçirmək, Azərbaycanın maraqlarına tam şəkildə cavab verir.
“Bildiyiniz kimi Fransa həm də uzun illərdir ki, ATƏT-in Minsk qrupunun həmsədridir. Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır. Çünki faktiki olaraq onlar 25 ildir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində seyrçi mövqeyə malikdirlər. Amma hər halda, Fransanın bu məsələyə yeni yanaşması, Azərbaycan Prezidentinin bu ölkəyə son səfəri zamanı münaqişənin həlli istiqamətində yeni fikirlərin söylənməsi və problemin həlli ilə daha ciddi məşğul olmaq istəyi ölkəmizin maraqları ilə üst-üstə düşür. Bu baxımdan düşünürəm ki, nə qədər də Fransada bir sıra dairələr erməni lobbisinin təsiri ətrafında qalsa da, biz Fransanın Azərbaycanın maraqları çərçivəsində addım atması üçün əlimizdən gələni etməliyik” – deyə, F. Sadıqov qeyd edib.
Prezident İlham Əliyevin Fransaya son səfərinin bu istiqamətdə mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayan politoloq söyləyib ki, səfər çərçivəsində dövlət başçısının fransalı həmkarı, eləcə də aparıcı şirkətlərin rəhbərləri ilə görüşü hər iki dövlətin maraqlarına cavab verməklə yanaşı, eyni zamanda ikitərəfli münasibətlərin bundan sonra daha da inkişaf etməsinə zəmin yaradır.
F. Sadıqov əlavə edib ki, Səfər Azərbaycan Prezidenti İlham Əliyevlə fransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsi də Dağlıq Qarabağ münaqişəsinin həllində bu dövlətin mövqeyinə təsir edə bilər: “ Ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində şəxsiyyətlər arasında münasibətlər böyük rola malikdir. Dövlət başçıları bir çox problemlərin həllində xüsusi rola malik olublar. Düşünürəm ki, Azərbaycan və Fransa dövlət başçıları arasında yaranan isti münasibətlər, qarşılıqlı anlaşma formatı bir çox məsələlərin həllinə yeni prizmadan baxılmasına gətirib çıxara bilər. Azərbaycan-Fransa arasında isti münasibət Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllinə səbəb ola bilməz. Lakin Fransanın problemin həllinə Azərbaycanın maraqları çərçivəsində addım atması müsbət nəticələrə gətirib çıxara bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB