Kosta Rikanın Prezidenti: "Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəstəkləyirik" - MÖVQE
Azərbaycan Respublikasının Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Kosta Rika Respublikasında səfir təyin edilməsi barədə etimadnamələrini Kosta Rikanın prezidenti Laura Çinçiya Miranda (Laura Chinchilla Miranda) və Xarici İşlər və Dini məsələlər Naziri Rene Kastro Salasara (René Castro Salazar) təqdim edib. Səfirliyin mətbuat xidməyindən SİA-ya verilən xəbərə görə, keçirilən görüşlər zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin, o cümlədən təhsil, mədəniyyət, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Prezident Laura Çinçiya ilə görüş zamanı səfir İ.Muxtarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin öz həmkarına olan salamlarını çatdırıb və Azərbaycanın Kosta Rikadakı ilk səfiri vəzifəsində çalışacağı müddətdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün mümkün olduğu qədər səy göstərəcəyini bildirib.
Görüş əsnasında səfir İ.Muxtarov Ermənistanın Azərbaycana təcavüzü məsələsinə toxunaraq işğal edilmiş ərazilər və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi barədə qarşı tərəfə məlumat verib. Səfir bildirib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə hörmətlə yanaşır və eyni zamanda, Azərbaycana münasibətdə də beynəlxalq ictimaiyyət tərəfindən müvafiq prinsipal mövqeyin nümayiş etdirilməsini vacib hesab edir.
Prezident Laura Çinçiya öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və ölkəmizin münaqişə ilə əlaqədar mövqeyini dəstəklədiyini bildirib. Görüşdən sonra səfir İ.Muxtarov tərəfindən etimadanmənin təqdim edilməsi ilə əlaqdar xüsusi ayrılmış mərasim çərçivəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Səfir İ.Muxtarov Kosta Rikaya səfəri çərçivəsində həmçinin Kosta Rikanın Diplomatiya İnstitutunun Direktoru Xose Xakin Çaverri Sievert ilə görüşüb. Görüş zamanı iki ölkənin diplomatik təhsil ocaqları arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Məlumat üçün qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Meksikadakı səfiri İlqar Muxtarov iqamətgahı Mexiko şəhərində olmaqla Azərbaycanın eyni zamanda Kosta Rikadakı səfiri vəzifəsinə təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB