XİN rəsmisi QDİƏT üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 23-cü toplantısında iştirak edib

XİN rəsmisi QDİƏT üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 23-cü toplantısında iştirak edib

2010-cu ilin 26 noyabr tarixində Yunanıstanın Saloniki şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 23-cü toplantısı keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasını toplantıda nümayəndə heyətinin rəhbəri qismində xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib. Tədbirdə respublikamızın nümayəndə heyətinin tərkibində Azərbaycanın Yunanıstandakı Səfiri Rəhman Mustafayev və Xarici İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.

QDİƏT-in 2010-cu ilin iyun-dekabr aylarında sədri funksiyasını həyata keçirən Yunanıstan tərəfinin təklifinə uyğun olaraq, "yaşıl inkişaf" və sahibkarlıq, ətraf mühit və iqlim dəyişikliyinə qarşı mübarizə məsələləri nazirlər toplantısının əsas müzakirə mövzularından biri olub.

Toplantıda QDİƏT-in səmərəliliyinin artırılması kontekstində, təşəbbüsü 2009-cu ilin may-oktyabr aylarında Azərbaycanın QDİƏT-də sədrliyi müddətində irəli sürülmüş "QDİƏT fəaliyyətinin planlaşdırılması və icrasında QDİƏT Daimi Beynəlxalq Katibliyinin status və imkanlarının artırılmasına dair sənəd" Şura tərəfindən təsdiq edilib. Bununla yanaşı, tədbirdə "ABŞ Hökuməti və QDİƏT arasında elm və texnologiyalar sahəsində əməkdaşlıq haqqında Niyyət Memorandumu" imzalanıb.

Toplantıda QDİƏT-də hazırkı sədrlik rəsmi mərasimlə Yunanıstandan Rumıniyaya keçib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri toplantıda nitqlə çıxış edərək, Yunanıstan tərəfinin sədrlik müddətində təşkilat çərçivəsində energetika və turizm sahələrində əməkdaşlığın inkişafı istiqamətində səylər göstərdiyini qeyd edib. Bununla belə, nazir müavini QDİƏT-in perspektivinin və Azərbaycanın təşkilatdan gözləntilərinin yüksək olduğunu bildirmiş, təşkilatın səmərəliliyinin artırılmasının və fəaliyyətinin nəticə yönümlü olmasının vacibliyinə toxunub. Bu xüsusda, təşkilatda əsaslı hüquqi və institusional islahatların aparılmasının, qərarların qəbul edilməsi mexanizminin təkmilləşdirilməsinin, təşkilat çərçivəsində əməkdaşlığın prioritet sahələr və konkret layihələr ətrafında cəmləşdirilməsinin zəruriliyini vurğulamış, QDİƏT Daimi Beynəlxalq Katibliyinin işinin səmərəli qurulmasının əhəmiyyətini qeyd edib.

Bununla yanaşı, nazir müavini QDİƏT çərçivəsində iqtisadi əməkdaşlığa əsas maneə törədən dondurulmuş münaqişələr həll edilmədən və regionda sabitlik bərqərar olmadan hərtərəfli iqtisadi əməkdaşlığın səmərəsiz olacağını bəyan edib.

Tədbir əsnasında, xarici işlər nazirinin müavini Yunanıstan xarici işlər nazirinin müavini ilə görüşüb. Görüşdə iki ölkə arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə