“Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədi tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı istiqamətində mühüm əhəmiyyətə malikdir. Sənəddə Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəklənməsi ölkəmizin uğuru kimi qiymətləndirilər bilər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Sevinc Fətəliyeva deyib.
Ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artdığını deyən deputat Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Aİ arasında əlaqələrin genişlənməsi ölkəmizlə yanaşı Avropa ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir: “Bildiniz kimi, artıq Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilib. Ölkəmizin təşəbbüsü ilə reallaşan layihələr nəticəsində mühüm üstünlüklərə malik olan ölkəmizlə əməkdaşlıq etmək Avropa ölkələri üçün həm siyasi, həm də iqtisadi dividentlər vəd edir”.
Azərbaycan NATO əlaqələrinə toxunan S. Fətəliyeva söyləyib ki, ölkəmiz bu təşkilat tərəfindən həyata keçirilən bir sıra proqramlarda yaxından iştirak etməklə yanaşı, tərəfdaşlıq münasibətlərinə də malikdir: “Bu münasibətlərin nəticəsidir ki, NATO-nun Brüssel sammitində növbəti dəfə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə edildi. Bu, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən diplomatiyanın uğurudur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB