Böyük Britaniya və Fransada yaşayan gənclərimiz bir araya toplanacaq

"Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" – ASAİF, dünya miqyaslı tədbir və təqdimatlarına davam edir. Təşkilatın, 5 dekabr 2010 – cu il tarixində Fransanın Paris şəhərində dövlət və qeyri-dövlət proqramları ilə Fransada təhsil alan tələbələrlə görüşü və gələcək fəaliyyət planı barədə müzakirələri nəzərdə tutulub.

ASAİF-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 6 dekabr 2010 – cu il tarixində təşkilatın rəhbəri və nümayəndə heyətinin azərbaycanlı gənclərin Fransada təhsil aldığı ali məktəb rəhbərləri ilə görüşü planlaşdırılır. Daha sonra ASAİF nümayəndələri Böyük Britaniyanın London şəhərində dövlət və qeyri-dövlət proqramları ilə Böyük Britaniyada təhsil alan tələbələrlə görüşü planlaşdırılır.

ASAİF sədri Orxan Əkbərov həm Paris, həm də Londonda təşkilatın fəaliyyəti barədə təqdimat edəcək, təhsil müddəti və ondan sonrakı dövrdə ASAİF-in gənclərin həyatında oynaya biləcəyi rol haqqında məlumat verəcək, gənclərin isə ASAİF fəaliyyətində oynayacağı rol barədə fikirləri və təklifləri dinləniləcəkdir.

Görüşlər zamanı, müasir lobbiçilik fəaliyyətində xaricdə təhsil alan azərbaycanlı gənclərin rolundan və fəaliyyətin müasir vəziyyətindən bəhs ediləcəkdir. 13 noyabr 2010 – cu il tarixində Böyük Britaniyanın Mançester şəhərində təşkil olunmuş "Azərbaycan Gecəsi"nin Avropanın müxtəlif şəhərlərində keçirilməsi təklifləri barədə müzakirələr aparılacaqdır.

Dekabr ayı və növbəti ilin yanvar ayında eyni əhəmiyyətli tədbirlərin York, Liverpul, Leyçester və London şəhərlərində keçirilməsi nəzərdə tutulub.

Qeyd etmək istərdik ki, ASAİF təşkilatının fəaliyyəti 10 illik bir tarixi təcrübəyə dayanır və xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclər arasında sinerji yaratmaq ən mühüm vəzifələrindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə