"Brüssel sammitinin yekunları danışıqlar prosesinə öz təsirini göstərəcək” MÖVQE-ÖZƏL

"Brüssel sammitinin yekunları danışıqlar prosesinə öz təsirini göstərəcək” MÖVQE-ÖZƏL

“Prezident İlham Əliyevin NATO-nun Brüssel sammitinə dəvət olunan ali qonaqların sırasında olması, dövlət başçımıza və onunla birlikdə Brüsselə səfər edən Azərbaycan nümayəndə heyətinin üzvlərinə xüsusi münasibətin göstərilməsi mühüm və diqqətə alınası bir məqam kimi qiymətləndirilməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, sammit çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə ifadə olunan birmənalı dəstək ölkəmizin və dövlət başçımızın böyük uğurudur.

Ölkə başçısının Brüsselə səfəri zamanı mühüm görüşlər keçirdiyini xatırladan siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, arasında görüş Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığ əlaqələrinin daha da dərinləşməsinə xidmət edir: “Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin ABŞ-ın dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattislə görüşləri, Pompeo və Mattisin Azərbaycana səfər edəcəklərini bildirmələri, qənaətimə görə, Bakı-Vaşinqton münasibətlərinin yeni və perspektivli bir mərhələyə qədəm qoyduğundan xəbər verir”.

E. Mirzəbəyli qeyd edib ki, Brüssel səfərində Nikol Paşinyanın təşəbbüslərinin iflasa uğraması, Azərbaycan Prezidentinin mövqeyinin əsas götürülməsi işğalçı ölkəyə və onu hərtərəfli himayə edənlərə qarşı ciddi mesajdır: “Paşinyanın Dağlıq Qarabağın separatçı rejimini danışıqlara qoşmaq cəhdi iflasa uğrayıb. Moqerini də açıq şəkildə danışıqlar prosesinin davam etdirilməsini bəyan edib. Eyni zamanda, NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunub. Hesab edirəm ki, NATO-nun Brüssel sammitinin yekunları Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılacaq danışıqlar prosesinə öz təsirini göstərəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə