Musa Quliyev: “Saytlar, sosial şəbəkələr nəzarət altında olmalıdır" EKSKLÜZİV

Musa Quliyev: “Saytlar, sosial şəbəkələr nəzarət altında olmalıdır" EKSKLÜZİV

"Azərbaycan Prezidenti İlham Əliyev bu gün respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasında da birmənalı olaraq bildirdi ki, xalq-dövlət, xalq-iqtidar birliyi var və heç bir qüvvə bu birliyi sarsıda bilməz. Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin müstəqilliyinə qəsd etmək istəyən terrorçu qüvvələr son şansını dəyərləndirdilər". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycan dünyada terrorla mübarizədə öndə gedən ölkələrdən biridir: "Azərbaycan dünyada terrora qarşı bütün tədbirlərə ən fəal şəkildə dəstək verən dövlətlərdən biridir. Bu mənada Azərbaycanda terrora yol verilməməsi, Gəncə hadisələrinin bir daha təkrarlanmaması üçün ilk növbədə cənab Prezidentin söylədiyi xalq-iqtidar birliyini daha da möhkəmləndirmək lazımdır. Digər tərəfdən müxtəlif qruplar və terrorla dolayısı, birbaşa əlaqəsi olan bütün şəxslər ciddi şəkildə axtarılmalıdır, nəzarətə götürülməlidir. Təbii ki, bunun üçün də lazımi tədbirlər görülməlidir. Eyni zamanda Gəncədə 10 iyul qeyri-qanuni aksiyanın təşkilində, keçirilməsində iştirakı olan bütün şəxslər axtarılıb tapılmalıdır və onlar Azərbaycan qanunlarının tələb etdiyi səviyyədə öz məsuliyyətlərinə cəlb olunmalıdır. Bundan əlavə saytlarda, sosial şəbəkələrdə xüsusilə terrora çağırış edən, hər hansı şəkildə terroristi dəstəkləyən və Azərbaycan qanuni hakimiyyəti qeyri-qanuni yolla devirməyə, iğtişaş törətməyə çağıran hər kəs araşdırmalıb tapılmalıdır və onların kimliyi xalqa bəyan olunmalıdır".

Millət vəkili bildirib ki, bundan sonrakı dövrdə də saytlar, sosial şəbəkələr də nəzarət altında olmalıdır: "Bu heç də insanların söz azadlığına qəsd deyil və fikir azadlığının məhdudlaşdırılması deyil. Sadəcə olaraq bu Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin daha mükəmməl şəkildə qorunması üçün atılan proflaktik addımlardır. Hətta bəziləri deyirlər ki, sosial şəbəkələrə nəzarət etmək mümkün deyil, çətindir və s. Amma bunların heç bir əsası yoxdur. Bununla bağlı dünya təcrübəsi var. Həmin o sosial şəbəkələrin mərkəzləri ilə hökumət səviyyəsində danışıqlar aparmaq olar. Onlar lazım olan bütün informasiyanı bizim hüquq-mühafizə orqanlarına və yaxud aidiyyatı üzrə digər orqanlara verə bilərlər. Azərbaycandan qaçıb gedib kənarda oturmaqla heç də özlərini toxunulmaz hesab etməsinlər. Azərbaycan müxtəlif konvensiyalara qoşulub və müxtəlif ölkələrlə ikitərəfli, eləcə də çoxtərəfli müqavilələri var. Bu konvensiyalara, müqavilələrə uyğun olaraq bizim hüquq-mühafizə orqanları Azərbaycanda müxtəlif cinayətlər törətmiş və başqa dövlətlərin xüsusi xidmət orqanlarının təsiri altına düşərək getmiş və bu gün Azərbaycana qarşı təxribat xarakterli çıxışlar edən, videolar yayan, çağırışlar edən hər kəsi tapıb ölkəmizə gətirməlidir".

M.Quliyev əlavə edib ki, məktəblərdə, xüsusən gənclər arasında daima maarifləndirmə işi aparılmalıdır: "Həmçinin çalışmalıyıq ki, dindarlarımız, dinx adimlərimiz də savadlı olsunlar. Bundan ötrü istər Qafqaz Müsəlmanları İdarəsi, istərsə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daima öz işlərini aparmalıdırlar. Bütövlükdə biz çalışmalıyıq ki, Azərbaycanda terrorizmə, qeyri-qanuni addımlara çağırışlara heç bir yer olmasın. Daima ayıq-sayıq olmalıyıq. Sirr deyil ki, Azərbaycanın qüdrətli dövlət olmasını gözügötürməyən qüvvələr var. Həmçinin Azərbaycanın maddi-mənəvi sərvətlərində gözü olan insanlar var. Xalq daima öz dövlətinin yanında və Prezidentinin arxasında olacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə