Konstitusiya Məhkəməsi Azərbaycan Milli Məclisinə seçkilərin nəticələrini təsdiqləyib
Bu gün Azərbaycan Konstitusiya Məhkəməsinin Plenum iclasında Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılması davam etdirilib. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev KM-nin Plenum iclasında xüsusi konstitusiya icraatında parlament seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının (MSK) 22 noyabr tarixli protokolunun Konstitusiyanın 86-cı və 109-cu maddələrinə, Seçki Məcəlləsinə uyğunluğu və seçkilərin nəticələrinin təsdiq edilməsinə dair işə baxaraq qərar qəbul edib.
Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyib.
Konstitusiya Məhkəməsinin qərarı ilə 46 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib. Ümumilikdə bütün dairələr üzrə seçkinin nəticələri təsdiqlənib. Eyni zamanda MSK-nın 22 noyabrda təsdiq etdiyi yekun protokolunu komissiyanın 18 üzvündən 17-si imzalayıb.
Qeyd edək ki, 2010-cu il noyabrın 7-də 4-cü Çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 743 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb. 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparıb. Seçici siyahılarında 4 946 588 nəfər səsvermə hüququ olan vətəndaşın adı olub. Seçkilərdə 2 480 205 seçici (ölkə üzrə seçicilərin 50,14%-i) iştirak edib. Seçkiləri qeydiyyatdan keçmiş 48 mindən artıq müşahidəçi, o cümlədən MSK-da akkreditə olunmuş 1024 beynəlxalq müşahidəçi izləyib.
7 noyabr seçkiləri ilə bağlı 20 DSK üzrə 46 seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib, DSK-lar tərəfindən nəticəsi ləğv olunan məntəqələrin sayı 3 olub.
Seçkilərdə Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Seçkilərdə qələbə qazanmış digər şəxslər bitərəflərdir.
MSK seçkilərlə bağlı yekun protokolu noyabrın 22-də təsdiqləyərək Konstitusiya Məhkəməsinə göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB