Azad Rəhimov: “Gənclər Azərbaycanın ərazi bütövlüyünün bərpası və Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində fəaliyyətlərini daha da artırmalıdırlar”

Azad Rəhimov: “Gənclər Azərbaycanın ərazi bütövlüyünün bərpası və Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində fəaliyyətlərini daha da artırmalıdırlar”
"Bu gün biz xalqımız üçün önəmli olan bir gündə tarixi bir hadisənin iştirakçılarıyıq. Əminəm ki, Dünya Azərbaycanlı Gənclərinin I Konqresi Azərbaycanın zəngin ictimai–siyasi tarixinin layiqli səhifələrindən birinə çevriləcək". SİA-nın xəbərinə görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov Dünya Azərbaycanlı Gənclərin I Konqresində çıxışı zamanı deyib. O bildirib ki, zaman-zaman müstəqilliyindən məhrum edilən Azərbaycan xalqı bu gün artıq öz taleyinin sahibinə çevrilib, tarixin gedişatı nəticəsində bütün dünyaya səpələnmiş azərbaycanlıların milli dəyərlərə əsaslanaraq birləşməsinə geniş imkanlar yaranıb. Nazir əlavə edib ki, indi Azərbaycan dövləti öz tarixinin şanlı səhifələrini yaşayır: "Ulu öndər Heydər Əliyevin nüfuzu, mübarizliyi, əzimkarlığı və güclü iradəsi nəticəsində yaranan möhkəm sütünlar üzərində Azərbaycan dövləti inişaf etməkdədir. Bilirsiz ki, ümummili liderimiz gənclərə daim xüsusi diqqət və qayğı göstərib. Ulu öndərmizin təşəbbüsü və rəhbərliyi altında reallaşan dövlət quruculuğu strategiyasının əsas istiqamətlərindən biri məhz gənclər siyasəti olub. Mənəvi cəhətdən saf, geniş dünyagörüşünə malik, fiziki cəhətdən sağlam, intellektual, milli dəyərlərə sadiq, vətənpərvər gənc nəslin tərbiyə edilməsi - milli gənclər siyasətimizin əsas vəzifəsi kimi qoyulub. Milli liderimiz daim öz çıxışlarında gənclərin ictimai fəallığına şəraitin yaradılması və gənc peşəkarların müxtəlif məsul vəzifələrə irəli çəkilməsini aidiyyəti dövlət qurumları qarşısında vəzifə kimi qoyub".

Gənclər və idman naziri qeyd edib ki, bu illər ərzində gənclərin inkişafına yönəlmiş normativ-hüquqi baza formalaşdırılıb, bir sıra dövlət proqramları icra edilib. 200-dən artıq qeyri-hökumət gənclər təşkilatlarının yarandığını deyən Azad Rəhimov vurğulayıb ki, gənclər bu təşkilatlarda birləşərək ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında fəal iştirak edir və müxtəlif sosial və mədəni layihələr həyata keçirirlər: "Ümumilikdə, son 5 il ərzində hökumət tərəfindən gənclər təşkilatlarının 350-dən artıq layihəsinin dəstəklənmsəi üçün dövlət büdcəsindən 3.800.000 manat vəsait ayrılıb. Qeyd edim ki, gənclərin ölkənin dövlət idarəetmə və seçkili orqanlarında təmsilçiliyi ildən-ilə artmaqdadır. Hazırda bələdiyyə üzvlərinin təxminən 30%-ə yaxını gənclərdir, onlardan 326-sı bələdiyyə sədridir. Gənclərlə aparılan iş 2003-cü ildən yeni mərhələyə qədəm qoyub. Təməli Ulu Öndərmiz tərəfindən qoyulan gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsas tərkib hissələrindən biridir".

Gənclər və İdman nazirinin sözlərinə görə, indi Azərbaycan gəncləri 30-a yaxın nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, bir neçə beynəlxalq gənclər platformalarının yaradılması təşəbbüsü ilə çıxış edirlər. O bildirib ki, son dörd ildə Azərbaycan Avropa Gənclər Fondu tərəfindən ayrılmış qrantları əldə edən gənclər təşkilatlarının sayına görə Avropa miqyasında lider ölkədir, son beş il ərzində 8 mindən artıq gənc Gənclər və İdman Nazirliyinin xətti ilə keçirilən layihələr çərçivəsində beynəlxalq mübadilələrdə iştirak ediblər.

Nazirinin sözləribə görə, gənclər Azərbaycanın ərazi bütövlüyünün bərpası və Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində fəaliyyətlərini daha da artırmalıdırlar: "Bu istiqamətdə bütün səylər səfərbər edilməlidir. Belə ki, gənclər yaşadıqları ölkələrdə Azərbaycan haqqında həqiqətləri olduğu kimi təqdim etməli, bunun üçün ən effektiv təqdimat formalarından istifadə etməli və uzunmüddətli ictimai layihələrin həyata keçirilməsi istiqamətində təşəbbüslərini artırmalıdırlar". Azad Rəhimov çıxışını bu fikirlərlə bitirib: "Düşünürəm ki, Dünya Azərbaycanlı Gənclərinin I Konqresi gənclərin Azərbaycan naminə fəaliyyətini daha da əlaqələndirilməsinə, gücləndirilməsinə və təşkilatlanmasına təkan verəcək. İnanıram ki, aparılacaq müzakirələr və qarşılıqlı fikir mübadilələri hər birimizi yeni ideyalarla zəngiləşdirəcək və Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin nəticələri gələcək üçün faydalı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə