Ombudsman Aparatının əməkdaşı İspaniyada keçirilmiş beynəlxalq seminarda iştirak edib

Ombudsman Aparatının əməkdaşı İspaniyada keçirilmiş beynəlxalq seminarda iştirak edib
Bugünlərdə İspaniyanın Bilbao şəhərində "Psixi pozuntusu olan şəxslərin hüquqlarının təmin edilməsində və onlara yardım göstərilməsində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda seminar keçirilib. Tədbirə Avropanın 27 dövlətinin Milli insan hüquqları təsisatlarının nümayəndələri və eləcə də beynəlxalq ekspertlər qatılmışlar. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Absələddin Əliyev iştirak edib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iki gün davam edən seminar Avropada psixi pozuntusu olan şəxslərin hüquqlarının müdafiəsi, bu şəxslərin hüquqlarının müdafiəsində çətinliklər, onların hüquqlarının müdafiəsi üzrə beynəlxalq təcrübə, habelə Milli insan hüquqları təsisatları tərəfindən həyata keçirilən milli təcrübə mövzularında dörd sessiyadan ibarət olub.

Beynəlxalq tədbirdə, həmçinin bu istiqamətdə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi öyrənilib və müzakirələr aparılıb. Seminarda Ombudsman Aparatının əməkdaşı qeyd edib ki, ölkə Prezidentinin Sərəncamı ilə BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolunda nəzərdə tutulmuş MPM funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən edilmiş Azərbaycan Ombudsmanı tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlanıldığı müəssisələrə, həmçinin həssas qruplara aid olan insanların, o cümlədən psixi pozuntusu olan şəxslərin yaşadıqları müəssisələrə baxışlar keçirdiyi zaman həmin şəxslərə qarşı rəftar hallarına, onların hüquqlarının təmin olunmasına nəzarət edir. Azərbaycan Ombudsmanının sosial cəhətdən asılı olan psixi xəstələrin hüquqlarının müdafiəsini və onlara göstərilən tibbi yardımın Avropa standartlarına uyğunlaşdırılmasını, psixi xəstələrin hüquqlarının bərpası üzrə müvafiq tədbirlərin görülməsini, habelə psixiatriya müəssisələrinin kifayət qədər həkim-psixiatr, tibbi psixoloq, psixoterapevt, xüsusi təhsili olan sosial işçilərlə, həmçinin psixi pozuntusu olan şəxslərə hüquqi yardım göstərə biləcək hüquq məsləhətçiləri ilə təmin olunmasını zəruri hesab etdiyi vurğulanıb.

Ombudsmanın, eləcə də Aparatın əməkdaşlarının psixo-nevroloji uşaq evlərinə, Məhkmə-Psixiatrik Ekspertiza Mərkəzinə, Psixiatriya Xəstəxanalarına, Psixo-Nevroloji Dispanserlərə və digər analoji müəssisələrə başçəkmələr zamanı müəyyən edilmiş çatışmazlıqların əksəriyyətinin Ombudsmanın tövsiyələri əsasında aradan qaldırıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Aparatın əməkdaşı məruzələr əsasında aparılan diskussiyalarda da fəal iştirak edib. Cəzaçəkmə müəssisələrində psixiatrın olmaması, şəxsin yalnız psixi pozuntusu olması səbəbindən saxlanılmasına yol verilməməsi, bunun üçün əsaslandırılmış məhkəmə qərarının zəruriliyi, bu kateqoriyadan olan şəxslərin yaşayış yeri ilə təmin olunması ilə əlaqədar yaranan çətinliklər, psixi pozuntusu olan şəxslərin hüquqlarının qorunmasının dövlətlər üçün pozitiv öhdəlik kimi qəbul edilməsinin vacibliyi və s. problemlər diskussiyalar zamanı əksər dövlətlər üçün xarakterik olan cəhətlər kimi ümumiləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə