ETSN əməkdaşları Bayıl yamacında ağac əkiblər

ETSN əməkdaşları Bayıl yamacında ağac əkiblər

27 noyabr 2010-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Bayıl yamacı-20-ci sahə arasındakı ərazidə iməcilik keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, iməcilikdə qurumun əməkdaşları ilə birlikdə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri də iştirak ediblər.

Bu gün keçirilən iməcilikdə Bayıl yamacı-20-ci sahə arasındakı ərazinin 2 hektar sahəsində, ümumilikdə 2,5-3 mindən çox ağac və kol bitkisi (eldar şamı, tuya, üzüm ) əkilib.

Sözügedən ərazinin suvarılması üçün artıq 6 çən quraşdırılmış, o cümlədən daha 4 çənin quraşdırılması nəzərdə tutulmuşdur. Ərazi qumsal sahə olduğundan burada suvarma həftədə 2 dəfə olmaqla həyata keçirilir.

Ümumiyyətlə, gələn yaz mövsümünün sonunadək Bayıl yamacının 60 hektar sahəsində 120 min ədəd müxtəlif cinslərdən olan ağac və kol bitkisinin əkilməsi nəzərdə tutulub. 2010-cu ilin yazından başlayaraq bu günədək isə ərazinin 15 hektar sahəsində 35 min ədəd ağac və kol bitkisi əkilib.

Qeyd edək ki, ağacəkmə ilə bağlı iməciliklər Respublikanın digər ərazilərində də keçirilib.

Nazirlik payız mövsümü ilə əlaqədar Respublika ərazisində ağacəkmə ilə bağlı iməcilikləri davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə