Avropa domino təsirinin İrlandiyadan sonra hansı ölkəyə çatacağını müzakirə edir. Ən zəif həlqələr kimi hələlik Portuqaliya, İspaniya və Belçika görünür. İrlandiyanın borc bataqlığına batması ilə Avropada domino təsiri daha yaxından hiss edilməyə başlanılıb. Portuqaliya və İspaniyanın borcları artmaqda davam edir. Dünya Bankı bu ilin ikinci rübünün sonuna olan rəqəmlərə görə, İspaniyanın 2,1 trilyon, Portuqaliyanın isə 498 milyard dollar borcu olduğunu açıqlayıb. Bununla belə hər iki ölkə üçün iflas riski yoxdur.
Mərkəzi Nyu-Yorkda yerləşən bir iqtisadi mərkəzə görə, avropalı səlahiyyətlilər avro bölgəsindəki problemlərin İrlandiya ilə yekunlaşmayacağını düşünür. Səlahiyyətlilər 2011-ci ilin ilk aylarında Portuqaliya üçün də yardım planının açıqlana biləcəyini ifadə edirər. Portuqaliyanın ən az 50 milyard avroya ehtiyacı olduğu bildirilir. İspaniya isə qəti şəkildə Yunanıstan və İrlandiya kimi yardım paketinə ehtiyacı olmadığını ifadə edir. İspaniya maliyyə naziri Elena Salgado ölkənin maliyyə sistemin sağlam olduğunu bildirib. Rəqəmlər isə İspaniyanın 19,8 faizlə Avropanın ən yüksək işsizlik göstəricisinə sahib olduğunu göstərir.
Portuqaliya və İspaniya ilə yanaşı maliyyə bataqlığı təhlükəsi olan digər ölkə isə Belçikadır. Belçikanın borcluluq nisbəti Ümumi Daxili Məhsulun (ÜDM) 100 faizinə çatıb. Ekspertlər də hesab edir ki, Belçikadakı siyasi sistem narahatlıq doğurur. Yves Leterme hökuməti aprel ayında hakimiyyətdən getdikdən sonra hələ də siyasi sabitlik təmin edilməyib.
Avro bölgəsindəki ölkələrin bir-birinin ardınca ciddi maliyyə böhranları ilə üzləşməsi ittifaqın pul vahidinə təsir edir. İttifaq daxilində yaranan maliyyə problemləri ortaq pul vahidi avronun dollar qarşısında iki ayın ən aşağı səviyyəsinə düşməsinə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB