Xalqımızın qürur və şərəf tarixlərindən biri də məhz 14 iyul 1969-cu ildir

Xalqımızın qürur və şərəf tarixlərindən biri də məhz 14 iyul 1969-cu ildir

Ulu Öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə respublikamızın iqtisadiyyatına xüsusi önəm verməyə başladı və ölkəmiz bütün sahələrdə, o cümlədən, kənd təsərrüfatı sahəsində tənəzzüldən inkişafa doğru istiqamət götürdü

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyev epoxasının müstəsna yeri və rolu danılmazdır. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi olan Ümummilli Lider Heydər Əliyev öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Azərbaycanı dünyaya tanıdıb, onun nüfuzunu yüksəklərə qaldırıb. Bu dahi və fenomen şəxsiyyət 34 ilə yaxın bir dövrdə Azərbaycana rəhbərlik edib, 5 ildən artıq SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olub.

Xalqımızın qürur və şərəf tarixlərindən biri də məhz 14 iyul 1969-cu ildir. Belə ki, Azərbaycan KP MK-nın 14 iyul 1969-cu il plenumunda Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə Heydər Əliyev təyin edildi. Bu təyinatdan cəmi 20 gün sonra keçirilən Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumu respublikada əvvəlki illərdəki nöqsanların tənqid olunduğu dönüş plenumu kimi yaddaşlarda qalıb. Çünki 1969-cu ilin iyuluna qədər respublikanın iqtisadi vəziyyəti ürəkaçan deyildi. Xüsusən kənd təsərrüfatında vəziyyət daha acınacaqlı idi. Məhz bu kimi halların aradan qaldırılması üçün Ümummilli Liderimiz hakimiyyətinin birinci dövründə respublikamızın iqtisadiyyatına xüsusi önəm verməyə başladı və ölkəmiz bütün sahələrdə, o cümlədən, kənd təsərrüfatı sahəsində tənəzzüldən inkişafa doğru istiqamət götürdü. Təkcə, o dövrün statistikasına nəzər salanda bunu aydın görmək olar. Məsələn, 1971-ci ildə respublikanın neftçıxarma tarixində ilk dəfə olaraq milyardıncı ton neft çıxarılıb. Pambıq istehsalı 1971-ci ildə 381,6 min ton idisə, 1981-ci ildə 1 milyon tona, üzüm istehsalı 381,9 min tondan 1 milyon 616 min tona, taxıl istehsalı 211,9 min tondan 1 milyon 150 min tona çatıb. Bu iqtisadi irəliləyişlə paralel olaraq 70-80-ci illərdə respublikada 500 mindən artıq yeni iş yeri açılıb.

O, özünün bütün şüurlu həyatı boyu şəxsi nümunəsi ilə sübut etmişdir ki, Azərbaycan xalqının və dövlətinin inkişafı naminə yorulmaz fədai, təəssübkeş himayəçidir

20-ci əsrin 70-ci illərindən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən böyük tarixi şəxsiyyət Heydər Əliyev uzaqgörən və müdrik siyasəti sayəsində güclü kadr potensialını yaratmaqla milli təhsil quruculuğu istiqamətində sonrakı uğurların bünövrəsini qoymuşdur. O, özünün bütün şüurlu həyatı boyu şəxsi nümunəsi ilə sübut etmişdir ki, Azərbaycan xalqının və dövlətinin inkişafı naminə yorulmaz fədai, təəssübkeş himayəçidir.

Heydər Əliyev social—iqtisadi sahələrdə olduğu kimi, Azərbaycanın təhsil sisteminin son 35 illik inkişafı tarixində əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar müxtəlif mərhələlərdə, xüsusən 70-80-ci illərdə və müstəqillik dövründə aparılan təhsil islahatlarının hazırlanması və həyata keçirilməsi Heydər Əliyevin böyük və əvəzsiz xidmətlərinin bəhrəsidir. O cümlədən, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində, gələcəkdə müstəqil Azərbaycanın Ordusunun formalaşması üçün Cəmiş Naxçıvanski adına hərbi liseyin yaradılması sözün əsl mənasında fenomenal bir tarixi addım oldu.

Heydər Əliyevin fəaliyyəti yüksək qiymətləndirilərək 1982-ci ildə Sov.İKP MK Siyasi Bürosüna üzv seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. O zaman SSRİ Nazirlər Soveti sədrinin 12 müavinindən yalnız bir nəfər birinci müavin idi. Görkəmli rəhbər həm də ilk Sosialist Əməyi Qəhrəmanı, 10 Siyasi Büro üzvündən biri olduğu üçün SSRİ rəhbərliyində aparıcı şəxs hesab olunurdu. Erməni lobbisinin əlində alətə çevrilmiş və Azərbaycan xalqının qatı düşməni olan M.S.Qorbaçovun qərəzli münasibəti tezliklə özünü göstərdi. Siyasi Büro üzvlüyündən uzaqlaşdırılan Heydər Əliyev 1987-ci ilin sonundan 1990-cı ilin iyuluna kimi Moskvada yaşamış, sonra isə Bakıya, oradan isə Naxçıvana gəlmişdi. Bununla da xalqımızın qəhrəman oğlunun həyatının yeni mərhələsi başlanmışdır. Bu mərhələdə o, Azərbaycan Respublikası Parlamentinin deputatı, Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsindən Azərbaycan Respublikası Milli Məclisinin sədri, dövlət başçısı postuna qədər çətinliklərlə dolu,gərgin bir yol keçmişdir. Bununla da Heydər Əliyev hakimiyyətinin ikinci dövrü (1993-2003) başlanmışdır.

Azərbaycan həm iqtisadi, həm də beynəlxalq siyasət arenasında böyük uğurlar əldə edib

Təqdirəlayiq haldır ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya son illərdə onun layiqli davamçısı və varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan bütün sahələrdə çox böyük inkişafa nail olmuşdur.

Siyasət aləmində öz sözünü deyən, beynəlxalq arenada böyük nüfuz qazanan dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizin daha da qüdrətlənməsi naminə əzmlə çalışır.

Bu günlərdə Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin icrasına dair keçirdiyi müşavirədə çıxış edən ölkə başçımız vurğuladı ki, dövlətimizin dinamik inkişafı təmin edilir. Belə ki, bu gün Azərbaycan həm iqtisadi, həm də beynəlxalq siyasət arenasında böyük uğurlar əldə edib. Prezident İlham Əliyev cənabları həmin müşavirdə vurğulayıb ki, bu ilin aprelində keçirilən president seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı dövlətin apardığı siyasətə çox yüksək qiymət verir. “Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir”-deyə vurğulayan ölkə başçımız onu da bildirib ki, bu böyük dəstək Azərbaycanın sonrakı illərdə əldə edəcəyi davamlı inkişafı daha da sürətləndirəcək.

Danılmaz faktdır ki, kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün suvarma sistemlərinin yenidənqurulması da vacibdir və bu istiqamətdə də lazımı tədbirlər həyata keçirilir

Bəli, bu inkişaf və tərəqqi bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsini də əhatə etməkdədir. Həm də bir kənd təsərrüfatı, eləcə də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı mütəxəssisi olaraq deyə bilərəm ki, son illərdə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər regionlarda kənd təsərrüfatı məhsullarının istehsalının artmasına əsaslı dərəcədə təsir göstərib. Dövlətin bu məqsədlə fermerlər və sahibkarlara verdiyi dəstək də kənd təsərrüfatı məhsullarının istehsalının artmasında müsbət rol oynayır. Bu bir danılmaz faktdır ki, kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün suvarma sistemlərinin yenidənqurulması da vacibdir və bu istiqamətdə də lazımı tədbirlər həyata keçirilir. Bu baxımdan, respublikanın hər bir bölgəsində olduğu kimi Xızı rayonunda da qeyd edilən istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Müntəzəm olaraq suvarma sistemləri yenidən qurulur, bu sahədə mövcud olan problemlər, çatışmazlıqlar tədricən aradan qaldırılır.

Onu da qeyd etmək istərdim ki, bu gün fermerlər, su istifadəçilərinin torpaq sahələrində aparılan yenidənqurma, cari və əsaslı təmirlər demək olar ki, dövlət tərəfindən həyata keçirilir. Bu da Cənab Prezident İlham Əliyevin kənd təsərrüfatına olan diqqət və qayğısından irəli gəlir. Göründüyü kimi, bu gün ölkədə kənd təsərrüfatının inkişafına diqqət artıb. Cənab Prezidentin diqqət və qayğısı nəticəsində bu gün kənd təsərrüfatında inkişaf özünü göstərir. Elə bir region, bölgəmiz yoxdur ki, orada qeyd etdiyimiz sahədə inkişaf nəzərə çarpmasın.

Məhz Heydər Əliyevin istər 1969-cu ildə, istərsə də 1993-cü ilində hakimiyyətə gəlməsi Azərbaycanın inkişaf mərhələsinə qədəm qoyması ilə nəticəsini tapdı

Bu gün Xızı rayonunda 1900-dən çox şəxs Yeni Azərbaycan Partiyasının üzvüdür. Partiya üzvləri Xızı rayonunun idarə və müəssisələrində çalışaraq öz növbələrində rayonun inkişafına töhfələrini verirlər. Təkcə seçkilərdə deyil, eləcə də bütün tədbirlərdə partiyamızın üzvləri öz fəallıqlarını göstərirlər. Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan "Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində bu günlərdə Xızı rayonununda minlərlə ağaclar əkilib, yaşıllaşdırma işləri aparılıb, onlara aqrotexniki qaydada xidmətlər göstərilib. Eləcə də digər tədbirlərdə biz Yeni Azərbaycan Partiyasının üzvləri olaraq fəal iştirak edirik. Dövlətimiz, dövlət başçımız partiya üzvlərinə böyük diqqət və qayğı göstərib onları təltif etdiyi, mükafatlandırdığı kimi biz də öz növbəmizdə rayon təşkilatı olaraq fəal üzvlərimizi fəxri fərmanlar, diplomlarla mükafatlandırırıq.

Rayon ictimaiyyəti yalnız davamlı qələbə və inamlı inkişaf ruhunda, əhval-ruhiyyəsindədir. Hər bir xızılı onu da gözəl bilir ki, bu gün Azəbaycanın əldə etdiyi nailiyyətlər, ölkəmizin dünyada nüfuzunun, siyasi çəkisinin artması məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Məhz Heydər Əliyevin istər 1969-cu ildə, istərsə də 1993-cü ilində hakimiyyətə gəlməsi Azərbaycanın inkişaf mərhələsinə qədəm qoyması ilə nəticəsini tapdı.

Bir daha vurğulamaq istərdim ki, bu gün Heydər Əliyev siyasi kursu Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Cənab Prezidentin yorulmaz, məqsədyönlü fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyanın sayılıb-seçilən ölkələri sırasında qərarlaşıb, regionun lider dövlətinə çevrilib. Əldə edilən uğurlu nəticələr və nailiyyətlər bizlərin hər birində böyük iftixar hissləri oyadır. Biz inanırıq ki, Azərbaycan dövləti bundan sonra da daha da inkişaf edəcək, yeni-yeni uğurlara imza atacaq, Ulu Öndər Heydər Əliyev ideologiyasını əbədi olaraq yaşadacaq. Bunu bütün Azərbaycan xalqı, eyni zamanda, xızılılar bilir və ən yüksək şəkildə qiymətləndirir.

Fərrux Haqverdiyev,

YAP Xızı rayon təşkilatının sədri,

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC nin Xızı Suvarma Sistemləri İdarəsinin rəisi

Bütün xəbərlər Facebook səhifəmizdə