Sevinc Seyidova: “Bu çağırışları edənlər məsuliyyətə cəlb olunmalıdırlar” AÇIQLAMA
“Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən sui-qəsd cəhdi cəmiyyətimizdə ciddi etiraz və hiddətlə qarşılandı”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.
Onun sözlərinə görə, respublikanın hüquq-mühafizə orqanlarının birgə məlumatında da bildirildi ki, bu sui-qəsd cəhdi terror aktıdır: “Bu olayı törədən şəxsin qəhrəmanlaşdırılması cəhdləri isə qətiyyən yolverilməzdir. Bu gün Azərbaycanın uğurlarını, ölkəmizdəki əmin-amanlığı, sürətli inkişafı gözü götürməyən çoxsaylı qara qüvvələr mövcuddur. Onların əksəriyyəti müxtəlif xarici havadarlarının dəstəyi ilə belə çirkin oyunlardan istifadə edərək ictimai-siyasi asayişi pozmağa çalışırlar. Azərbaycan demokratik hüquqi dövlət olduğu üçün bu gün sosial şəbəkələrdən istifadəyə heç bir məhdudiyyət qoyulmur. Lakin dövlətin vətəndaşların söz və ifadə azadlığının təmini istiqamətində atdığı addımlardan sui-istifadə edərək sosial şəbəkələr vasitəsi ilə cəmiyyətdə qarşıdurma yaratmağa çalışmaq, insanları itaətsizliyə, qanunsuz aksiyalara səsləmək heç bir çərçivəyə sığmır. Bu çağırışları edənlər mütləq şəkildə qanunlar çərçivəçində aşkar edilməli və məsuliyyətə cəlb olunmalıdırlar. Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun son açıqlamalarında da artıq bu prosesə başlanıldığı, mənfur terror aktından yararlanaraq ictimai-siyasi sabitliyi pozmağa cəhd edənlərin məsuliyyətə cəlb edildiyinin şahidi oluruq. Elmar Vəliyevə qarşı məlum hücumdan sonra vətəndaşlarımız bir daha həmrəylik nümayiş etdirərək bu olayı qətiyyətlə pislədilər. Cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri Azərbaycanda yaradılmış sabitliyi, əmin-amanlığı pozmağa yol verməyəcəklərini, terror aktının təşkilatçılarının qanunlar çərçivəsində ən sərt şəkildə cəzalanmalı olduğuna dair bəyanatlarla çıxış etdilər. Artıq sosial şəbəkələrdən istifadə edərək təxribatlara yol açmağı planlaşdıran çağırışların isə heç bir təsir gücünə malik olmadığını görürük”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB