Mərakeşin Azərbaycandakı səfiri Şərqşünaslıq İnstitutunda olub

Mərakeşin Azərbaycandakı səfiri Şərqşünaslıq İnstitutunda olub
Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həssan Hami AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. SİA-nın xəbərinə görə, görüşdə Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva institutun elmi istiqamətləri barədə qonağa məlumat verib.

Şərqşünaslıq İnstitutunda bu ilin fevralındakı görüşünü xatırladan səfir, o zaman ona olan müraciəti nəzərə alaraq, ölkəsinin xarici işlər və mədəniyyət nazirliklərinə müraciət edərək müvafiq ədəbiyyatın toplanmasını xahiş etdiyini söyləyib. H.Hami təqdim edilən ədəbiyyat sırasında poeziyaya, nəsrə, fəlsəfəyə və digər sahələrə aid kitabların olduğunu qeyd edərək, bu kitabaldan şərqşünas alimlərin yararlana biləcəyinə ümid etdiyini bildirib. Səfir instituta Mərakeşlə bağlı kitablar hədiyyə edib.

İnstitutun kitabxanasına hədiyyə edilən kitablara görə Mərakeş səfirinə təşəkkürünü bildirən G.Baxşəliyeva, müxtəlif mövzuları əhatə edən bu kitabların tədqiqidçılara faydalı olacağını və bu kitabların gələcəkdə yeni elmi əsər, dissertasiyaların mövzusu olacağını söyləyib. Daha sonra G.Baxşəliyeva və H.Hami Şərqşünaslıq İnstitutunun Mərakeşin aparıcı elm və təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığının perspektivlərini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə