Mərkəzi Aranda ilk müasir tipli Yem Analizi Laboratoriyası açıldı
Bu gün Azərbaycanın Ağcabədi şəhərində ilk müasir Yem analizi laboratoriyasının açılış mərasimi keçirilib. Aqro İnformasiya Mərkəzindən (AİM) SİA-ya verilən məlumata görə, yem analizi laboratoriyasının başlıca məqsədi respublikanın mərkəzi bölgəsində təsərrüfatlarda sağılan heyvanların süd məhsuldarlığını, kökəltmə malın gündəlik çəki artımını, ətlik quşların iki ay müddətində kəsim çəkisinə çatmasını, eləcə də toyuqlarda yumurta məhsuldarlığını dünyanın qabaqcıl təcrübələrindən əldə olunan səviyyəyə uyğunlaşdırmaqdan ibarətdir.
Heyvandarlıqda yemləmənin düzgün təşkili və istifadə olunan yemin keyfiyyəti məhsuldarlığa birbaşa təsir edən amillərdəndir. Lakin hazırda fermerlərin bir çoxu müxtəlif ixtisas sahibi olduğundan, onlar müasir yemləmə təcrübələri ilə taniş deyillər. Heyvanların yemləndirilməsi köhnə ənənələrə əsaslanaraq aparılır. Eyni zamanda, laboratoriyanın olmaması təsərrüfat sahiblərinə istifadə etdikləri yemin keyfiyyətini müəyyən etməkdə və yem rasionu hazırlamaqda çətinlik yaradır. Bu və digər çətinlikləri nəzərə alan AİM respublikanın mərkəzi bölgəsində Yem analizi laboratoriyasının yaradılmasını qərara alıb.
AİM bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Özəl Sektorun Rəqabətliliyinin Gücləndirilməsi Proqramına (ÖSRGP) müraciət etmişdir. Təklif ÖSRGP-ın məqsəd və tələblərinə uyğun gəldiyindən, Aqro İnformasiya Mərkəzinin (AİM) dəstəyi ilə fəaliyyət göstərən yeni Yem analizi laboratoriyasının açılması üçün təklif olunan layihə USAİD tərəfindən maliyyə dəstəyi alıb.
Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli İcra hakimiyyətləri, eləcə də yerli və beynəlxalq təşkilatların nümayəndələri, fermer və kənd təsərrüfatı mütəxəssisləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB