Rüfət Aslanlı: “Qiymətli kağızlar bazarını tənzimləyən yeni qanunvericilik bazasına ehtiyac var” - MÜNASİBƏT
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, o, il ərzində dünya maliyyə bazarlarını sarsıdan maliyyə böhranından sonra dünya iqtisadiyyatının bərpa prosesinin davam etdiyini bildirib. Bu proseslərin həm kövrəkliyi, həm də coğrafi mövqeyinə görə, qeyri-bərabər olduğunu deyən R.Aslanlı bildirib ki, 2009-cu ildə dünya iqtisadiyyatı 0,6 faiz geriləyib. O, böhrandan əvvəlki son 30 il ərzində dünyanın ayrı-ayrı region və ölkələrində baş vermiş böhranlara baxmayaraq, dünya iqtisadiyyatının orta hesabla 3,3 faiz inkişaf etdiyini vurğulayıb.
Komitə sədri iqtisadi böhranın daha çox inkişaf etmiş ölkələrə təsir etdiyini bildirib: "Bu ölkələrin iqtisadiyyatı 2009-cu ildə 3,2 fazi geriləyib. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2010-cu ildə dünya iqtisadiyyatının artımı 4, 8 faiz proqnozlaşdırılır. İnkişaf etmiş ölkələrdə isə bu göstərici 2,7 faiz həddində olacaq. İnkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın bərpa prosesi daha yüksək olub. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2010-cu ildə bu ölkələrdə iqtisadiyyatının artımı 7,1 faiz proqnozlaşdırılır. Son dövrlər müşahidə olunan valyuta debatları bu ölkələrin ixrac imkanlarına təsir etməkdədir. Dünya və Azərbaycan maliyyə bazarları heç də dünya makro və mikroiqtisadi proseslərin təsirindən tam təcrid olunmayıb. Bütövlükdə bu proseslər dünya maliyyə bazarlarına da çox ciddi şəkildə təsir edir. Qısa bir dövr ərzində dünya maliyyə böhranları dünya iqtidiyyatına ABŞ-ın milli gəliri həcmində ziyan vurub ki, bu da 14 trilyon dollar edir".
Azərbaycan iqtisadiyyatının bu dövr ərzində ölkə prezidenti tərəfindən həyata keçirilən cəsarətli strategiya nəticəsində özünün inkişafını davam etdirdiyini deyən QKDK-nin sədri bildirib ki, iqtisadi şaxələndirmə siyasəti öz nəticəsini verməkdədir: "Artım əsasən qeyri-neft sektoru hesabına baş verir. Cari ilin bu sahədəki artın neft sektorundakı artımı iki dəfə keçərək 5,4 faiz təşkil edib. Ölkədə investisiya qoyuluşlarının artım tempi öz yüksək səviyyəsini saxlayır. Bu dövr ərzində investisiya qoyuluşlarının artım tempi təxminən 14,8 faiz təşkil edib və 7 milyard manatdan çox olub. Sərmayələrin 2/3-dən çoxu isə daxili mənbələrin hesabına olub, sərmayələrin 68 faizi isə qeyri-neft sektoruna yönəlib".
QKDK-nin 2011-ci il üçün planlarına gəlincə, Komitə sədri bildirib ki, əsas məqsəd qiymətli kağızlar bazarını tənzimləyən yeni qanunvericilik bazasının yaradılmasıdır: "1999-cu ildə bu sahədə ilk qanun qəbul olunub. 2005-cu ildə qanuna əlavə və dəyişikliklər olub. Dünya iqtisadi böhran və maliyyə bazarlarındakı dəyişikliklər yeni qanunun qəbulunu tələb edir. Hazırda bu qanunun hazırlanması ilə əlaqədar hazırlıq işləri aparılır. Gələn il ticarət platformasının təkmilləşdirilməsim işləri davam etdiriləcək. Həmçinin, elektron xidmətin göstərilməsi üçün terminalların hazırlanması nəzərdə tutulub. İlk növbədə daxili resursların inkişafına diqqət yönəldəcəyik. 2010-cu ildə yeni cəhmdar cəmiyyətləri yaranmayıb və gələn il daha çox movcud olan səhmdar cəmiyyətlərinin imkanlarının artırılmasına çalışacayıq".
Azərbaycanda 1500-dən çox səhmdar cəmiyyətinin olduğunu bildirən R.Aslanlı onlar ətrafında 100 minə qədər səhmdarın toplandığını qeyd edib. Səhmdar cəmiyyətlərdən olan şikayətlərə gəlincə, Komitə sədri il ərzində 113 şikayətin daxil olduğunu söyləyib. O, müraciətlərin daha çoxu dividentlərin ödənilməməsi və ya az ödənilməsi ilə bağlı olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB