Novruz Məmmədov: “Həm Ermənistan rəhbərliyi, həm də erməni xalqı başa düşməlidir ki, onlar Sovetlər dövründə Azərbaycanın hesabına yaşayıb”
"Bu gün Ermənistan prezidenti ATƏT-in Astana sammitində iştirak etməmək barədə düşünür. Amma mən düşünürəm ki, hər halda o, sammitə gələcək. Çünki, dünyanın geosiyasi mənzərəsini formalaşdıran böyük sammitin davamında ikinci mühüm bir sammitdə iştirak etməmək Ermənistan prezidenti və bu ölkənin diplomatiyası üçün həqiqətən siyasi iflas ola bilər". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. PA-nın şöbə müdiri hesab edir ki, Ermənistan prezidenti ATƏT-in Astana sammitində iştirak etmək məcburiyyətindədir. Cünki, Ermənistan rəhbərliyi həqiqətən bu gün bu dövləti siyasi və diplomatik dalana salıb və oradan da çıxış yolu tapa bilmir: "Ümumiyyətlə, bütün bunlar ondan irəli gəlir ki, Ermənistan rəhbərliyi avantürist, əsaslandırılmamış, qeyri-konstruktiv mövqelərilə özünü çətin bir vəziyyətə salıb. Bilirsiniz, xarici siyasət dövlətin elə bir fəaliyyət sahəsidir ki, orada atılan adımın nəticəsini tezliklə görmək olmur. Məhz, Ermənistan rəhbərlərinin də atdığı səhv addımlar müəyyən müddətdən sonra öz mənfi nəticəsini göstərəcək. Bir məsələni xüsusi olaraq qeyd edim ki, həm Ermənistan rəhbərliyi, həm də erməni xalqı başa düşməlidir ki, onlar keçmiş Sovetlər dövründə Azərbaycanın hesabına yaşayıb. Azərbaycanın həm birbaşa yardımı, həm də Azərbaycanın müəyyən imkanlarından istifadə etməklə Ermənistan yaşayırdı. Amma bu ölkənin işğalçı siyasəti üzündən yaranmış mürəkkəb vəziyyətin nəticəsi olaraq, görün, Ermənistan necə pis vəziyyətə düşüb".
PA-nın şöbə müdiri deyir ki, hazırda Ermənistanda nə tərəqqi, nə də ki, inkişaf perspektivləri var. Belə ki, rəsmi İrəvanın hakim strukturu özlərini elə bir çətin vəziyyətə salıblar ki, oradan çıxış yolu tapmaq o qədər də asan deyil. Hətta, Qərbin müəyyən dairələrinin güclü dəstəkləri olduqda belə, onlar bu vəziyyətdən optimal çıxış yolu tapa bilmirlər: "Bəli, Ermənistanın bugünkü vəziyyəti bu ölkənin bir neçə il bundan əvvəl atdığı səhv addımlarının nəticəsidir. Hazırda isə əsas məsələ odur ki, Ermənistan rəhbərləri, erməni xalqı bunu görməli və vəziyyətdən çıxmaq üçün addım atmalıdır. Əks təqdirdə, onlar özlərini tam iflasa aparacaqlar. Məlumdur ki, Ermənistan xalqı illər ötsə də, bu coğrafiyadan çıxıb getməyəcək, həmişəlik burada yaşayacaq. Ona görə də, özlərinin, bu regionun və dünyanın gələcəyini düşünərək, düzgün addım atmalı və işğalçılıq əməllərindən əl çəkməlidirlər".
Novruz Məmmədovun sözlərinə görə, hazırda dünyanın geosiyasi mənzərəsi dəyişkəndir və 30 il bundan əvvəl olan mövcud vəziyyət bugünkü ilə eyni deyildir. Bundan sonra gələn illərdə də bu vəziyyət dəyişəcək: "Bax, o zaman, Ermənistan yeni geosiyasi mənzərədə, məkanda hansı mövqeni tutacaq? Bunu artıq onlar özləri fikirləşməlidirlər. Əgər erməni xalqı bu dəyişkən mənzərəni göz önünə alaraq, fikirləşib düzgün addım atsa, o zaman, onların vəziyyəti xeyli yaxşılığa doğru dəyişə bilər. Amma Ermənistanın hazırki siyasətinin bir qrup şəxsin korporativ maraqlarına xidmət etməsi və erməni xalqının taleyinin nəzərə alınmaması onu göstərir ki, bu dövlət çox sürətlə uçuruma doğru irəliləyir. Azərbaycanın qarşısına qoyduğu əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh və danışıqlar yolu ilə ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdır. Dünyada beynəlxalq hüquq anlayışı da mövcuddur ki, münaqişələr bunların əsasında həll olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB