Novruz Məmmədov: "Astana Sammitində Dağlıq Qarabağ münaqişəsinə müəyyən münasibət bildirilməli, qətiyyətli mövqe ortaya qoyulmalıdır" - AÇIQLAMA

Novruz Məmmədov: "Astana Sammitində Dağlıq Qarabağ münaqişəsinə müəyyən münasibət bildirilməli, qətiyyətli mövqe ortaya qoyulmalıdır" - AÇIQLAMA

"Bu gün dünya ictimaiyyəti Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini qəbul edir və dəstəkləyir. Bunun bariz nümunəsi də məhz, NATO-nun üzvü olan 28 dövlətin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədə imza atmasıdır". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. N.Məmmədov deyib ki, hazırda, dünyada mütləq çoxluq da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar göstərilən əsaslar üzərində aparılır. Bu zəmində əgər ermənilər dərindən düşünsələr, bu münaqişənin ədalətli həlli Ermənistan dövlətinin də xeyrinə ola bilər.

 

Bu ilin əvvəlindən başlayaraq, münaqişənin həlli istiqamətində intensiv danışıqlar aparıldığını deyən diplomat bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri Rusiya daha çox aktivlik nümayiş etdirir və son görüşlərin təşkil olunması da bu fikri bir daha sübut edir. Lakin bütün əldə olunana müsbət irəliləyişlərə baxmayaraq rəsmi İrəvan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi münaqişənin həllinə mane olur: "Qeyd edim ki, son zamanlar ATƏT də Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün aktivlik nümayiş etdirir. Təşkilatın sədri münaqişənin tezliklə və beynəlxalq hüquq normalarına uyğun həll olunmasını istəyir. Göründüyü kimi, bu gün dünya birliyi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Lakin Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi münaqişənin həllinə mane olur".

 

PA-nın şöbə müdiri deyir ki, ATƏT-in Astana Sammitində də Dağlıq Qarabağ münaqişəsinə müəyyən münasibət bildirilməli, qətiyyətli mövqe ortaya qoyulmalıdır. Belə ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) adında təhlükəsizlik sözü birbaşa Cənubi Qafqaza aiddir: "Amma təəssüflər olsun ki, mənim şəxsi mövqeyimə görə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı münaqişənin həllində vasitəçiliyi həmsədrlərə tapşıraraq, onların arxasında durub qətiyyətli mövqe nümayiş etdirmədən problemin həllinə ehtimal prinsipindən yanaşır. Bu böyük təşkilat qarşısına qoyduğu vəzifənin həyata keçirilməsi, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması naminə çox ciddi addımlar atmalı, sənədlər qəbul etməli və Ermənistana təzyiqləri artırmalıdır".

 

Diplomat vurğulayıb ki, ABŞ-da qondarma "respublikanın prezidentinin" şəhər meri tərəfindən qəbul edilməsi Azərbaycanla ABŞ arasındakı münasibətlərin ruhuna uyğun deyil. Çünki, bu məsələ beynəlxalq hüquqda da qəbul edilməyən bir proses kimi göstərilir: "ATƏT-in etibarlı və güclü tərəfdaşı kimi, dünyada sülh və təhlükəsizliyin təmin olunması prosesində xüsusi rolu olan dövlət kimi ABŞ da qətiyyətli mövqe ortaya qoymalıdır. Təbii ki, belə hallar olmamalıdır. Biz ABŞ-ın ədalətin bərpa olunması, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması prosesində aktiv iştirakını istəyirik. Əlbəttə ki, ABŞ-dan bu cür mövqeni ATƏT-in Sammitində də ortaya qoymasını gözləyirik. Bir sözlə, keçirilmiş görüşlərin nəticəsi olaraq, biz münaqişənin tez və ədalətli həllinə nail olmaq istəyirik. Təbii ki, münaqişənin həll olunması üçün qətiyyətli addım atmaq Ermənistanın üzərinə düşən məsuliyyətdir. Yəni, Ermənistan rəhbəri öz xalqının gələcəyini firavan görmək istəyirsə, o, konstruktiv mövqe sərgiləməli və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə razı olmalıdır. Deyim ki, bu gün Ermənistan güclü təzyiq altındadır. Bunu isə Azərbaycan diplomatiyası edir. Bu baxımdan da, bir daha demək istəyirəm ki, Azərbaycan əzəli, tarixi torpaqlarını hansı yolla olunra-olsun geri qaytaracaq. Bunu bütün dünya ictimaiyyəti bilməlidir, ilk növbədə isə Ermənistan".

Bütün xəbərlər Facebook səhifəmizdə