Müxalifətin "işıq" ittihamı nəyə hesablanıb?

Müxalifətin "işıq" ittihamı nəyə hesablanıb?

Yaxud Prezident İlham Əliyevin rəhbərliyi və xalqımızın dəstəyilə Azərbaycan dövləti hər zaman radikal müxalifətin və mühacirət tör-töküntülərinin təxribatlarından müdafiə olunacaq və qorunacaq

Məlum olduğu kimi, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik-Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza nəticəsində respublika ərazisinin böyük hissəsi, o cümlədən, Abşeron yarımadası və Bakı şəhərinin elektrik enerjisi ilə təchizatında problem yaranmışdı. Lakin hadisə baş verəndən dərhal sonra aidiyyatı qurumlar fəaliyyətə keçərək, qəzanın nəticələrini aradan qaldıra və respublika ərazisinə enerjinin verilməsini təmin etməyə başlamışdılar. Hətta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərhal məsələni nəzarətə götürmüş, qəzanın nəticələrinin qısa zamanda aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət strukturlarına müvafiq tapşırıqlar vermiş, məsələ ilə əlaqədar Xüsusi Dövlət Komissiyası yaratmışdı.

Məhz mövcud şəraitə uyğun olaraq, qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin mənfi təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr - təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, hərbi, əhalinin təminatı və s. ciddi nəzarətə götürülmüş və onların idarə olunması işi təşkil edilmişdi. Həyata keçirilmiş ciddi tədbirlər nəticəsində, proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı alınmış, ən əsası, insan tələfatına yol verilməmişdi. Hazırda da dövlət qurumları qəzanın nəticələrinin aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi istiqamətində zəruri tədbirlər görür, işlərin gedişi barədə əhaliyə müntəzəm məlumat verilir.

Bir sözlə, Mingəçevirdəki İES-də baş vermiş qəzanın, o cümlədən, bu hadisənin müxtəlif sahələrdə yaratdığı problemlərin aradan qaldırılması üçün dövlət orqanları tərəfindən zəruri tədbirlər görülmüş və qısa müddətdə respublika həyatının bütün sahələrində normal iş fəaliyyəti bərpa olunub. Amma əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevirdəki İES-də baş vermiş qəzadan və Gəncə şəhərində vəzifəli şəxsə qarşı həyata keçirilmiş silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışmış, dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq, cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdiriblər. Həmçinin, özlərini müstəqil sayan bir sıra xəbər saytları da bu eyforik əhval-ruhiyyəyə qoşularaq, dəqiqləşdirilməmiş şayiələri baş vermiş hadisə kimi təqdim edib və vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd göstəriblər.

Əlbəttə ki, bütün bunları sifariş əsasında həyata keçirən radikal müxalifət və mühacirət tör-töküntüləri obyektivlik gözləmədən ittihama keçiblər. Əgər onlar, həqiqətən də, real vəziyyətə istinad etmiş olsaydılar, fikirlərində və sözlərində qərəzli olmasaydılar, dünyada baş verən bu tipli hadisələrə də diqqət çəkər və müqayisələr aparadılar. Məsələn, yeni əsrin ilk böyük "blackout"u 2003-cü ilin 14 avqustunda ABŞ və Kanadada baş verib. Əvvəlcə Klivlenddə eynilə bizdəki kimi, isti keçən yay zamanı enerjiyə tələbatın kəskin artması nəticəsində, qızmış naqillərin vaxtında budanmayan ağaclara toxunması nəticəsində qısaqapanma baş vermişdi. Nəticədə, elektrik stansiyasını idarə edən kompüter şəbəkəsi çökmüş, Klivlend Elektrik Stansiyasının fəaliyyəti dayanmış və zəncirvari qaydada 100 digər stansiyanın da sıradan çıxmasına səbəb olmuşdu. Böyük şəhərlərdə, o cümlədən, Nyu-Yorkda metro dayanmış, mobil rabitədə problem yaranmışdı. ABŞ-da 40, Kanadada 10 milyondan çox insan işıqsız qalmış, dəyən ziyan 6 milyard dolları aşmışdı.

2003-cü ilin 18 avqustunda İnquri İES-də baş verən qəza nəticəsində bütün Gürcüstan işıqsız qalmışdı. Xəstəxanalardan tutmuş, metroya qədər hər yerdə böhran yaranmış, hətta mərkəzi televiziya qülləsi də yayımı dayandırmışdı.

Həmin ilin 28 avqustunda London və Britaniyanın cənub-şərq rayonları elektriksiz qalmışdılar. Metro və tramvaylar dayanmış, küçə lampaları, svetoforlar söndüyü üçün şəhərdə nəqliyyat xaosu yaranmışdı. 250 min insanı metrodan evakuasiya eləmək lazım gəlmişdi. Səbəb - transformator sistemində baş verən qəza idi.

2004-cü il yanvarın 22-də güclü qar yağması nəticəsində İstanbulun Avropa hissəsi bütünlükdə qaranlığa qərq olmuşdu.

İyulun 12-də Afinada 6 milyon insan işıqsız qalmışdı. Noyabrın 22-də isə Varşavada baş verən "blackout" nəticəsində, hətta Frederik Şopen adına aeroport da işini dayandırmış, təyyarələri başqa yerlərə istiqamətləndirmək lazım gəlmişdi. Xoşbəxt təsadüf nəticəsində, işıqlar sönərkən, metronun bütün qatarları stansiyalarda olmuşdu və heç kim tuneldə qalmamışdı. 2006-cı ilin 14 avqustunda Tokioda kran gəmisinin Edoqava çayı üzərindən çəkilmiş yüksək gərginlikli elektrik xəttini qırması nəticəsində bütün şəhərdə həyat donmuşdu. Tokiodan başqa, Kavasaki və İokohama şəhərlərində də milyonlarla ev işıqsız qalmışdı. Həmin ilin 5 noyabrında Qərbi Avropada havaların soyuq keçməsi nəticəsində, insanların qızdırıcı cihazlardan çox istifadə etmələri əvvəlcə Almaniyada qəzaya səbəb olmuş, sonra bu, zəncirvari reaksiya şəklində Fransa, İtaliya, Belçika və İspaniyaya yayılmışdı. Əksər magistral sürət qatarları yolda qalmışdılar. 2009-cu il noyabrın 10-da Braziliyada yüksək gərginlikli elektrik xəttində baş verən qəza 50 milyondan çox insanı işıqsız qoymuşdu. Daha sonra zəncirvari qəza Uruqvay ərazisinə də keçmişdi. 2012-ci ilin 31 iyulunda Hindistanda baş verən böyük "blackout" 600 milyondan çox insanı 8 saat ərzində işıqsız qoymuşdu. Metro tam dayanmış, svetoforlar sönmüş, məktəblər və xəstəxanalar işıqsız qalmışdır.

Bütün bunlarla yanaşı, ABŞ-ın Yeni İngiltərə ştatında baş vermiş qəza nəticəsində 650 min ev və biznes mərkəzi elektriksiz qalmışdı. Fillipin, Malta və Misir kimi dövlətlərdə zaman-zaman elektrik kəsintisi saatlarla sürmüşdü. 2015-ci ilin yanvarında nüvə dövləti Pakistanın 80 faizi elektrikdən məhrum olmuşdu. Bu il isə Sudanda, ABŞ-da və Sinqapurda eyni məzmunlu fəlakətlər baş verib. Yaponiyada baş vermiş sunami nəticəsində, AES-in blokunun partlaması nəticəsində insanlar bu günə qədər hələ də əziyyət çəkirlər.

Göründüyü kimi, elektrik stansiyalarında qəzaların baş verməsi dünyada görünməmiş hadisə deyildir. Azərbaycandan dəfələrlə inkişaf etmiş ölkələrdə də bu cür və hətta daha ağır hadisələr baş verir. Amma onların müxalifəti bundan siyasi məqsədlər üçün istifadə etmir. ABŞ-da, Hindistanda, Yaponiyada və başqa ölkələrdə kimlərinsə diqtəsi ilə oturub-duranlar çıxıb dövlətinin və rəhbərliyinin əleyhinə çağırışlar etmədilər. Amma çox təəssüflər olsun ki, Azərbaycanın müxalifəti və mühacirətdə olan tör-töküntülər bu hadisəni fürsət bilib, öz dövlətinə və xalqına qarşı hücuma keçdilər. Amma bütün bunlara baxmayaraq, Azərbaycanın "işığı"nın sönməsinə çalışanlar bilməlidirlər ki, Prezident İlham Əliyevin rəhbərliyi və xalqımızın dəstəyilə Azərbaycan dövləti hər zaman radikal müxalifətin və mühacirət tör-töküntülərinin təxribatlarından müdafiə olunacaq və qorunacaq.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə