MDB ölkələrinin sərhəd qoşunları başçıları Minskdə bir araya gələcək

MDB ölkələrinin sərhəd qoşunları başçıları Minskdə bir araya gələcək

Dekabrın 2-də Minskdə Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) 64-cü iclası keçiriləcəkdir. SİA-nın MDB İcraiyyə Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirin gündəliyinə 10-dan çox məsələ daxil edilib. Sərhəd qoşunları idarələrinin rəhbərləri ilk növbədə Birliyin iştirakçısı olan dövlətlərin xarici sərhədlərində vəziyyəti müzakirə edəcək, Şuranın 2010-cu ildəki fəaliyyətinə və planların yerinə yetirilməsinə yekun vuracaq, birgə xüsusi sərhəd əməliyyatları və profilaktiki əməliyyat tədbirləri keçirilməsi barədə fikir mübadiləsi edəcəklər. SQKŞ üzvləri "MDB iştirakçısı olan dövlətlərin xarici sərhədlərində böhranlı vəziyyətlər yarandıqda sərhəd və digər idarələrin bir-birinə kömək göstərməsi və vəziyyətin tənzimlənməsi sahəsində qarşılıqlı fəaliyyətin təşkili haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Protokolun reallaşdırılması mexanizmini də müzakirə edəcəklər. Burada həmin Əsasnamənin həyata keçirilməsinə dair Tədbirlər Planının, eləcə də xarici sərhədlərdə təhlükəsizliyə təhdidlərə çevik münasibət bildirmək üçün sərhəd idarələrinin mütəxəssislərindən (ekspertlərindən) ibarət Birgə Qrupların yaradılması və tətbiqi Qaydasının layihələrini müzakirə etmək nəzərdə tutulur.

Bundan əlavə, iclas iştirakçıları "Müasir şəraitdə MDB iştirakçısı olan dövlətlərin xarici sərhədlərinin qorunmasının forma və üsulları" adlı elmi-tədqiqat işinin yerinə yetirilməsinin nəticələrini qiymətləndirəcək, sərhədçi zabitlər yetişdirilməsi üzrə ictimai təşkilatlar sisteminin fəaliyyətinə dair təcrübə mübadiləsi aparacaq, "Birlik ölkələrinin sərhəd idarələrinin rəhbərləri klubu" adlı Regional İctimai Təşkilatın fəaliyyəti və inkişaf perspektivləri barədə məruzələr dinləyəcək, SQKŞ-nin 2011-ci il üçün iş planının layihəsini müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə