Lənkəranda “Qədir Xum” bayramı qeyd olunub

Noyabrın 23-də Lənkəran şəhər Böyük Bazar məscidində İslam aləminin böyük bayramlarından sayılan "Qədir Xum" bayramı qeyd olunub. Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadənin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin, o cümlədən qurumun bölgədəki nümayəndələri, cənub bölgəsindən olan 500-ə yaxın dindarın qatıldığı bayram tədbirinə Qurani- Kərimin oxunması ilə başlanılıb.

Daha sonra bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin bayram münasibəti ilə möminlərə ünvanladığı təbrik məktubu oxunub.

Bayram tədbirində QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seydizadə "Qədir Xum" gününün əhəmiyyəti və İslam tarixində tutduğu önəmli yeri barədə məlumat verib.

Cənub bölgəsində ilk dəfə xüsusi təmtəraqla qeyd olunan "Qədir Xum" günündə işğal altında olan bütün İslam torpaqlarının, o cümlədən Qarabağın azadlığı üçün dualar edilib. Vətən uğrunda canından keçən şəhidlərimizin ruhlarına fatihələr oxunub. Bayram münasibəti ilə ehsan süfrəsi açılıb və dini müsiqili kompozisiya nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə