11 sentyabrla başlayan və dünyanın müxtəlif ölkələrində baş verən partlayışlardan belə bir sual doğur: sevən, evlənən, heç bir çətinlik çəkmədən fərqli mədəniyyətlərə uyğunlaşa bilən, xarici ali məktəblərə gedib ən yaxşı diplomları alan və bütün bunlardan sonra partlayış törədərək özünü də öldürə bilən bu kamikadzelər əslində nə cür insanlardır? Necə olur ki, qorxmadan bir anda yaşamaq istəklərini heçə saya bilirlər? "Özünü qurban etmək" fikri nifrətin və beynin yuyulmasının məhsuludurmu? Yoxsa tamamilə gücsüzlüyün nişanəsidir?
23 Oktyabr 1983-cü il tarixində gün işıqlanarkən bir ton partlayıcı ilə yük maşını Cənubi Beyrutdakı ABŞ hərbi bazasına girdi. Daha sonra böyük bir partlayış oldu, bina havaya uçdu, 241 insan həyatını itirdi. 21 May 1991-ci ildə Hindistanın baş naziri Racib Qandiyə yaxınlaşan bir qız onun ayaqlarını öpmək üçün yerə əyildi. Qandi onu ayağa qaldırmaq istədi. Həmin anda qızın barmağı baş naziri, özünü və başqa 16 insanı parça-parça etmək üçün bombanın ipini çəkdi. 11 Sentyabr 2001-ci ildə "United Airlines" şirkətinə aid bir reaktiv təyyarəsi ilə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin şimal qülləsinə çarpılan Məhəmməd Atdanın son anları ilə əlaqədar heç bir məlumat yoxdur, nə bir söz, nə bir jest, nə də bir mimika. Bunlar keçən 20 il ərzində özü ilə birlikdə daha çox insanı ölümə aparmaq düşüncəsiylə həyatlarını fəda edən 500-dən çox kamikadzedən yalnız üçüdür.
Təl-Əviv Universitetində psixoloq Ariel Merari 50-dən çox canlı bombanın ictimai ətrafını araşdırıb. Araşdırmada heç bir ortaq xarakter təyin olunmayıb. Bütün bu qatillərdə ən əhəmiyyətli bənzərlik, heç diqqət çəkməmələridir. Bu cür hücumlar o birilərlə müqayisədə daha asan planlaşdırılır və son ana qədər nəzarət edilir. Həyata keçirilməsi baxımından daha "qazanclı" və "zəmanətli nəticə" verir. Təcavüzkar arxada faydalı olacaq heç bir iz buraxmır, kömək aldığı kəslər haqqında məlumat saxlamır. Hər şeydən əhəmiyyətlisi isə odur ki, məntiqi planlaşdırmanın ən çətin hissəsi olan "qaçış" üçün narahat olmağı tələb etmir. Canlı bombaların əksəriyyətinin gənc və heç bir əlaqəsi olmayan insanların olması müəyyən bir ictimai məntiq güdür: ölümləri yeri doldurulmayan bir boşluq yaratmaq.
İrlandiyalı psixoloq Maksvell Taylor terrorizmi digər peşələr kimi gəlir gətirən, bir qrupa aid və əhəmiyyətli dərəcədə ictimai prestij təmin edən bir peşə hesab edir. Kamikadzenin hücumu günahkarı cəmiyyətin nifrət duyğusundan da qoruyur. Sahib olduğu bütün bu "üstünlüklər"ə baxmayaraq kamikadze hücumlarına tarixdə nadir hallarda rast gəlinir. Kamikadzelərə tarix boyu rast gəlinib, ancaq planlı intihar və kütləvi qırğınların olduğu hücumlar son 20 ildə görünməyə başlayıb. Beyin yuma əməliyyatı intihar hücumu üçün seçilənlərin heç də hamısı üçün lazımlı deyil. İslami Cihad Təşkilatına könüllü qatılaraq hücumu reallaşdırmadan əvvəl 10 kiloluq partlayıcı ilə İsrailin liman şəhəri Hayfada həbs olunan 18 yaşındakı Samir Tubası kimi... Samir Tubası artıq daha yaşamaq istəmirdi, həyat şərtləri onun üçün xeyli pisləşmişdi. Əvvəllər İsraildə yaxşı bir işi var idi, pul qazanırdı və xoşbəxt idi. Artıq heç bir şeyi qalmamışdı. Hadisələr çox tez inkişaf etdi. Təşkilatla əlaqəni təmin edəcək biri ilə görüşdü. Bir ay sonra onu axtardılar, "bu gün!" dedilər. Bir adam restoranda ona içi bomba dolu bir çamadan verdi və düyməni necə basacağını açıqladı. Hara getdiyini bilmirdi. Həbs olunmadan 15 dəqiqə əvvəl Hayfada olduğunu fərq etdi. Yol boyunca ailəsini düşünmüşdü. Cənnət onun üçün prioritet deyildi.
1982-ci il noyabr ayında 17 yaşında bir gənc qıza Cənubi Livandakı Sur şəhərində olan İsrail işğal qüvvələrinin əsas qərargahına intihar hücumunun edilməsi ilə bağlı təlimat verilmişdi. Partlayış səkkiz mərtəbəli binanın uçmasına, aralarında fələstinli və livanlı məhbusların da olduğu 89 adamın ölümünə gətirib çıxarmışdı. O gündən indiyə kimi dünyada təxminən 350 kamikadze hücumu reallaşdırılıb. Onların əksəriyyətini Qandiyə də hücum təşkil edən Şri-Lankadakı "Qurtuluş pələngləri" həyata keçirib. Terror eksperti Rohan Gunaratna hal-hazırda kamikadze hücumlarına hazır təxminən 10 qrupun olduğunu söyləyir: Hizbullah, Həmas, İslami Cihad, Misir mənşəli iki təşkilat, Əlcəzairdəki Silahlı İslami Cəbhə, "Qurtuluş pələngləri", PKK və "Əl-Qaidə".
11 Sentyabr hücumlarından sonra hər yerdə yeni canlı bombaların gəzdiyi qorxusu yaşanır. Xüsusilə, Orta Şərqki hücumların arxasında, dağıdıcı ictimai təcrübələr yatır. Bir çox müsəlman, 200 il əvvəl Napoleonun Misiri işğal etməsi ilə başlayan yaxın tarixi mədəniyyətlərinin alçaldıldığı bir tarix olaraq görür. Ərəb dünyası birdən-birə Avropa və Amerikanın üstün texniki, iqtisadi və hərbi sistemi ilə üz-üzə qaldı. Ərəb dünyası, 20-ci əsrdə Avropanın siyasi anlayışlarını təqlid etməyə çalışdı. Ancaq "alçaldılmış yaralar", 1967-ci ildəki "altıgünlük müharibə"də uduzması ilə yenidən qanamağa başladı. Üçüncü dünya ölkələri qloballaşma dövrünə kimi zənginlərlə kasıblar arasındakı uçurumun qalxacağını gözləyirdilər. Ancaq bu ümid qloballaşma ilə yox oldu. Şimal ilə aralarında olan uçurum bir müddətdən sonra ABŞ-a qarşı nifrətə çevrildi. Bu baxımdan terrorizm gücsüzlüyün bir işarəsi hesab edilə bilər. Çünki güclü olan açıq meydanda döyüşər. Terrorizmin inkişafına təkan verən ikinci bir məsələ isə "soyuq müharibə"nin başa çatmasıdır. O vaxta kimi zəif dövlətlər Sovetlər Birliyi ya da ABŞ-ın yanında olaraq güc qazanırdılar. Qlobal bərabərsizlik insanlara fərdi olaraq da təsir etməyə başladı.
Özlərini dünya üzərindəki güclərə deyil, yalnız tanrıya qarşı məsul hiss edən insanlar ölməkdən çəkinmir, etdikləri hərəkəti terror olaraq görmür və qurbanlarını seçərkən bir-birindən seçmirlər. Misirli bir terrorçu təşkilatın lideri yəhudilərin yerinə səhvən alman turistləri öldürdükdən sonra "kafirlərin hamısı eynidir" demişdi. Kamikadze terrorunun əsasında başlıca olaraq "şəhid olma" inancı dayanır. Canlı bomba halına gələnə qədər onlara nələri öyrədirlər? 11 Sentyabrdakı kimi geniş ölçülü və böyük zərər verən bir hücumu çətin, kompleks və uzun müddətli bir təlim tələb edir. Hamburqda yaşayan iki pilot universitetdən aylarla, bəzən də illərlə itir və xüsusi təlim alırdılar. Sonda ən uyğun namizəd başqaları ilə yanaşı özünü də qurban vermə haqqına "layiq" görülür. Düşmən şeytanlaşdırılır, alçaldılır və insan xarici bir varlığa çevrilir. Ənənələrlə yetişən dindar insanlar, o biri dünya ilə əlaqədar vədlərə daha asan inanırlar. Ən böyük mükafat onların olacaq: həm cənnətdə, həm də öldükdən sonra yer üzündə qəhrəmanlaşaraq ölümsüzlüyə çatacaqlar.
Cənubi Livanda fəaliyyət göstərən "Hizbullah"a mənsub bir rəssam müqəddəs müharibənin şəhidlərini mələklərə xas qanadlarla təsvir edib. Fələstindəki qaçqın düşərgələri və Quran kursları çarəsiz vəziyyətdən xilas olmağa çalışan gənclər üçün ideal mühitdir. "Həmas" və "İslami-cihad" təşkilatı tərəfdarlarını buralardan seçirlər. Allah adına döyüşmək istəyənlər bu təşkilatlara yazılırlar. Gənc namizədlərin bioloji baxımdan həyatda qalma gücünü müəyyən etmək üçün bir sıra üsullar tətbiq olunur. "Fədakarlıq arzusu" və nüfuz kompleksi insanın daxilinə yaxşıca kök salır. "Şəxsiyyətin yaxşıca zəiflədilməsi" təriqətlərdə, ya da kamikadzelərin yetişdirilməsində böyük rol oynayır, zehni proqramlaşdırmanın nüvəsini təşkil edir. Müəyyən müddət ərzində inanclar, duyğular, mövqelər və düşüncələr yavaş-yavaş dəyişdirilir. Bu vaxt həqiqətin yeni bir versiyasını qəbul etdirmək üçün adamın keçmişi yenidən şərh olunur və dünyagörüşü radikal bir şəkildə dəyişdirilir. Bu mərhələdən sonra insanlar hər cür fədakarlığa hazır bir şəklə gətirilir. Ümumi olaraq and içilir, yaxşı, ya da pis şəkildə bəzi sözlər xor halında təkrarlanaraq şüura yatırdılır. Artıq onların həyatındakı hər şey, yalnız inananlar və inanmayanlar, insan və insan olmayanlar, hər şey ya da heç bir şeydən ibarətdir. Problemləri həll edə bilmənin bir tək yolu var: intihar hücumu ilə düşmənin yox edilməsi! Gerçək və inanc dünyasında hər şeyi yaxşı və pis olaraq bir-birindən ayıra bilmək qabiliyyəti intihar hücumunu təşkil edən insanların ən ümumi xüsusiyyətidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB